2023-cü il 2022-ci ilin davamı olacaq. Dünya gərginliyinin pik nöqtəsi olan 2022-ci il eniş dövrünü 2023-cü ildə yaşamayacaq.
Bu sözləri AzerTimes-a açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli deyib.
O, 2022 və 2023-cü illərin gərginlik həddinin zirvəsi kimi tarixə düşəcəyini qeyd edib:
“Artıq gələn ilin heç də asan keçməyəcəyini bugünkü proseslərdən aydın görmək olar. Hazırda regionumuzda da hərbi gərginlik var. Bu prosesin dərinləşməsi mümkündür – 2023-də xoşagəlməz sürpriz ola bilər. Nəzərə alaq ki, xarici düşmənlərimiz də ölkəmizi xaosa sürükləməkdə maraqlıdır”.
Buna baxmayaraq, S.Rəhimli 2023-cü il üçün heç də bədbin deyil. O deyib ki, 2023 – Su ünsürlü Qara Pişik (Dovşan) ilidir:
“Pişik illəri bir qayda olaraq sakit keçir. Təbii ki, söhbət ümumi atmosferdən, qarşılıqlı münasibətlərdən və cəmiyyətin inkişafı prosesindən gedir. Bütün dövrlərin astroloqları Pişik illərini “ümidlər ili” adlandırıblar və bunu əsaslandırmaq üçün kifayət qədər əsasları olub. Məsələn, əgər Pələng ilində siyasi müstəvidə böyük hərc-mərclik olurdusa, ailə-sevgi zəminində ayrılıqlar, boşanmalar baş verirdisə, Pişik ilində bunun tam əksi olacaq. Ümumiyyətlə, bütün astroloji mənbələr göstərir ki, belə illərdə insanlar özlərini, öz enerji və qüvvələrini daha çox münasibətlərə, ailə və dostlara sərf etməlidirlər.
Pişik yalanı və xəyanəti bağışlamır, daha dəqiq desək, bu yolu tutanları möhkəm cəzalandırır. Həmçinin, dövr heç əyyaşları, narkomanları da sevmir. Bu isə öz-özlüyündə cəmiyyətin sağlamlaşmasına 2023-cü ilin öz töhfələrini verəcəyi deməkdir. Axı Pişik həm də şəfakardır, sabitliyin himayədarı, cəsarətli insanların qoruyucusudur.
Pələng ilində dünya insanları çox gərgin dövr yaşadı: iqtisadi böhran, məhəlli münaqişələr, böyükmiqyaslı təbii fəlakətlər, siyasi və hərbi gərginlik, epidemiyalar və s. Ancaq cəsarətlə deyə bilərik ki, qarşıdakı ildə bu hallar çox aşağı düşəcək. El dilimizlə desək, qulağımız dinc olacaq. Bundan irəli gələrək, yaxşı istirahət etməyə, təbiət qoynunda doğma və yaxınlarla dincəlməyə də şərait olacaq”.
Astroloq onu da deyib ki, gərgin proseslərin tədricən müsbət müstəviyə keçməsi 2024-cü ildən başlayacaq.