Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 5 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib. Bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 32-yə çatıb.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, “Startap” şəhadətnaməsi “Pickpoint” MMC-nin bağlamaların çatdırılması prosesini avtomatlaşdıran onlayn platforması (www.poste.az), “Smor” MMC-nin avtomobil ehtiyyat hissələrinin satışı üçün marketpleys (www.smor.az), “Maestro Company Limited” MMC-nin məişət xidmətləri üçün veb platforma (www.izzidone.com), “Documood” MMC-nin müqavilələrin onlayn bağlanması üçün veb platforma (www.documood.az) və “Pay2play” MMC-nin rəqəmsal məhsullar (oyunlar) üçün marketpleys (www.pay2play.az) layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Mikro və kiçik sahibkarlıq subyektləri “Startap” şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla KOBİA-nın saytından tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi