2022-ci ili Qarabağa sərmayələr ili adlandırmaq olar – Mövlan Paşayev (Müsahibə) (FOTO/VİDEO)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2022-ci ildə Azərbaycanın dövlət və özəl sektorlarında maliyyə və fiskal intizamın gücləndirilməsi davam etdiriləcək.

Bunu Trend-ə müsahibəsində beynəlxalq audit şirkəti “PricewaterhouseCoopers (PwC) Azerbaijan”ın İdarəedici Partnyoru Mövlan Paşayev deyib.

Onun sözlərinə görə, 2021-ci il maliyyə və fiskal intizamın gücləndirilməsi şüarı altında keçib.

“Bu proseslər özəl və dövlət sektorlarında baş verib. Özəl sektorda şəffaflıq leqallaşdırılıb və artırılıb, kölgə iqtisadiyyatının azaldılmasında irəliləyiş əldə olunub. Şəffaflığın təmin olunması proseslərinə vergi islahatları, əmək qanunvericiliyinin gücləndirilməsinə töhfə verib. Bundan başqa, özəl sektorda müəyyən uğurlar əldə olunub, məsələn, vergi daxilolmalarının artımı qeyd olunub, vergi ödəyicilərinə nəzarət gücləndirilib, eləcə də kiçik və orta sahibkarlığın inkişafı üçün imkanlar yaradılıb”, – deyə o bildirib.

O vurğulayıb ki, 2021-ci ildə dövlət sektorunda dövlət müəssisələrində idarəçiliyin gücləndirilməsi və nəzarət üzrə islahatlar keçirilib.

“Xüsusilə, buraya dövlət müəssisələrinin transformasiyası prosesini aid etmək olar. Bu prosesdə 2020-ci ildə Prezidentin Fərmanı ilə yaradılmış Azərbaycan İnvestisiya Holdinqinin böyük rolu var. Holdinqə həm də transformasiya prosesinin idarə olunması tapşırılıb. İki ildən az müddət ərzində İnvestisiya Holdinqi dövlət şirkətlərinin məhsuldarlığının yüksəldilməsi və strateji inkişafı istiqamətində böyük həcmdə işlər görüb. Biz, həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yönləndirdiyi kiçik və orta biznesin inkişafında uğurlu addımları müşahidə etmişik. Eyni zamanda Azərbaycan banklarında mövcud olan likvidliyi qeyd etmək istərdim. Kreditləşmə həcminin pandemiyadan əvvəlki səviyyəyə çatmasa da, artmasına baxmayaraq, 2021-ci ildə likvidlik daha da yüksəlib. Hesab edirəm ki, aktual məsələlərdən biri bank vəsaitləri hesabına biznes kreditləşməsinin artırılmasının mümkünlüyü olacaq”, – deyə “PwC Azərbaycan”ın İdarəedici Partnyoru bildirib.

2022-ci il üzrə gözləntilər barədə danışarkən M. Paşayev qeyd edib ki, bu müddətdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, ötən il dövlət və özəl sektorlarda başlamış islahatların davam etditrilməsi, iqtisadiyyatda şəffaflığın daha da artırılması, eləcə də maliyyə və korporativ idarəetmə üzrə hesabatlılıq mexanizminin təkmilləşdirilməsi gözlənilir.

“Logistika sahəsində ölkəmizin ən mühüm layihələrindən biri olan Bakı Limanını qeyd etmək istərdim. Çindən Avropaya uzanan logistika zəncirinin rolu çox vacibdir. Bu il biz Azərbaycanın dünya layihələrinə inteqrasiyasının şahidi olacağıq. Onlar, rəqəmsallaşmadan logistikaya qədər müxtəlif istiqamətləri əhatə edə bilər. 2021-ci il göstərdi ki, “Azərbaycan dünya iqtisadiyyatına və təchizat zəncirinə kifayət qədər inteqrasiya olunmayıb” mifi dağıdılıb. 2022-ci ili həm də Qarabağa investisiyalar ili adlandırmaq olar. Bu təşəbbüs hələ ötən ildən başlayıb, Qarabağ Dirçəliş Fondunun aktiv fəaliyyəti 2022-ci ildə də davam edəcək”, – M. Paşayev deyib.

Bütün bunlarla yanaşı “PwC Azərbaycan”ın İdarəedici Partnyoru bildirib ki, transfert qiymətqoyma dünya vergi idarəetməsinin trendlərindən biridir və ölkəmiz bu məsələdə istisna deyil.

“Məsələn, transfert qiymətqoyma sahəsində dünya təcrübəsi şirkətlərin mənfəətinin süni şəkildə azaldılması və ya artırılmasına qarşı yönəlib. Müvafiq olaraq, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər ümumilikdə dünya tendensiyalarına uyğundur. Digər tərəfdən, bu norma və qanunlar ölkəmiz üçün yeni olduğu üçün onların tətbiqi hələlik hamıya tam aydın deyil, bəzən isə onların interpretasiyası vergi ödəyicilərində suallar yaradır. Ona görə də hesab edirəm ki, bu istiqamətdə yeni qanunvericilik normalarının təkmilləşdirilməsini gözləmək lazımdır”, – deyə o bildirib.

Bundan əlavə, o bildirib ki, Azərbaycanın bank sistemində aktual məsələlərdən biri də kiçik və orta biznesin kreditləşdirilməsi üzrə faiz dərəcəsinin aşağı salınmasıdır.

“Digər ölkələrdən fərqli olaraq Azərbaycan iqtisadiyyatının özünəməxsus strukturu və xüsusiyyətləri var. Ölkəmizdə qanunvericiliyə uyğun olaraq kiçik və orta biznesə müəyyən imtiyazlar və güzəştli kreditlər verilir. Bununla belə, tənzimləyicinin sərt monetar siyasəti ilə əlaqədar banklar tərəfindən KOBİ-lərə verilən kreditlər üzrə faiz dərəcəsi digər ölkələrlə müqayisədə kifayət qədər yüksəkdir. Hazırda Azərbaycandakı nümayəndəliyimizin 60-dan çox audit müştərisi var. Müəssisələrdə maliyyə hesabatlılığının keyfiyyəti getdikcə yaxşılaşır, şirkətlər maliyyə hesabatlılığının dəyərini daha dərindən dərk edir və onun yalnız vergi və ya sadə statistik informasiyadan ibarət olmadığını daha yaxşı anlayır. Audit şirkətin real vəziyyətini göstərir, bu və ya digər qərarların qəbul olunması üçün əsaslar yaradır. Biz strateji xarakter daşıyan auditlər həyata keçiririk, məsələn, Azərbaycan Respublikası Dövlət Neft Fondunun auditi. Bu il Qarabağ Dirçəliş Fondunun, eləcə də digər dövlət və özəl şirkətlərin auditinə başlanması planlaşdırılır. Mən şadam ki, maliyyə hesabatlarının keyfiyyəti və auditə diqqət ildən ilə artır”, – M. Paşayev deyib.

Biznesin inkişafı haqqında danışarkən, o bildirib ki, idarəçilik bacarığı, əməkdaşların potensialını və istedadını görmək şirkətin strategiyasına daxil edilməlidir.

Neft və qaz məsələsinə toxunaraq M. Paşayev vurğulayıb ki, hər kəs 2020 və 2021-ci illərin “yaşıl texnologiyalara”, eləcə də bərpa olunan enerji mənbələrinə keçiddə irəliləyiş ili olacağını düşünsə də, biz gördük ki, bu, belə deyil və neft-qaz qiymətləri artmaqda davam edir.

“Qısamüddətli və ortamüddətli perspektivdə neft və qaz iqtisadiyyat üçün vacib enerji daşıyıcılarından biri olacaq. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirmələrinə əsasən neftin qiyməti 2050-ci ilədək 18 dollar/barelə, 2030-cu ilədək isə 30 dollaradək azalacaq. Bu gün bu növ enerji ehtiyatlarının qiymətinin azalma tendensiyası ilə bağlı hər hansı proqnoz vermək çətindir”, – deyə o bildirib.

M. Paşayev əlavə edib ki, bu kontekstdə bir neçə amili qeyd etmək lazımdır.

“Birincisi, karbohidrogen fəaliyyətinin vergiyə cəlb edilməsi dünyada daha da populyarlaşır və bu fəaliyyətlə məşğul olan şirkətlərə əlavə vergilər tətbiq oluna bilər. İkincisi, dövlətin neft və qazdan əldə edəcəyi pullar iqtisadiyyatın şaxələndirilməsi və büdcədə yaranacaq boşluqların doldurulması üçün digər sektorlara investisiya olunacaq. Neft və qazın rolu dünya iqtisadiyyatında, eləcə də Azərbaycanda yüksək qalmaqda davam edəcək. Lakin zaman keçdikcə onun rolu azalmaqda davam edəcək və digər texnologiyalarla əvəz olunacaq”, – deyə M. Paşayev sözlərini tamamlayıb.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: