Dövlət Sərhəd Xidməti (DSX) Aparatının rəhbəri general-mayor
Elçin İbrahimovun AzerTimes-a özəl müsahibəsi
– Azərbaycanın şanlı Qələbəsi ilə başa çatan 44 günlük
Vətən Müharibəsində Silahlı Qüvvələrin digər hərbi birləşmələri ilə
DSX-nin şəxsi heyəti də böyük qəhrəmanlıq göstərdi. Vətən
müharibəsində sərhədçilərin iştirakı və hazırda işğaldan azad
edilmiş ərazilərdə Azərbaycan Respublikası sərhədlərinin qorunması
prosesi barədə ətraflı məlumat verməyinizi xahiş
edirik.
– Tariximizin ən böyük sərkərdəsi, Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında “DƏMİR
YUMRUQ”əməliyyatı nəticəsində ərazi bütövlüyümüz bərpa olunmuş,
44 gün davam edən Vətən müharibəsi Azərbaycan Respublikasının
Ermənistan üzərində parlaq qələbəsi ilə başa çatmış, Tarixi
Zəfərimiz təmin edilmişdir.
Milli və sərhəd təhlükəsizliyimiz üçün 30 ilə yaxın müddətdə
əsas təhdid olmuş ölkə ərazisinin 20 faizinin, o cümlədən İranla
dövlət sərhədinin 132 km, Ermənistanla dövlət sərhədinin 500 km-dək
sahəsinin Ermənistan tərəfindən işğalına son qoyulmuşdur.
Qürurla deyə bilərik ki, Vətən müharibəsində Dövlət Sərhəd
Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqları uğurla icra
olunmuş, Azərbaycan sərhədçiləri qəhrəmanlıq və igidlik nümunələri
göstərmişlər. Əməliyyatların ilk günündən başlayaraq Azərbaycan
sərhədçiləri Füzuli rayonu ərazisindəki təmas xəttindən
Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmiş, 24
saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə
sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv
etmişlər.
Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının, Hadrut
qəsəbəsinin və Şuşa şəhərinin düşmən tapdağından təmizlənməsində
qəhrəmanlıq göstərən sərhədçilər Qədim Xudafərin körpüsünü,
Zəngilan rayonunun Ağbənd qəsəbəsini və Zəngilan şəhərini azad
edərək Dövlət bayrağımızı sancmış, Ermənistanla dövlət sərhədində
ən hündür “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad
etmişlər.
Dövlət Sərhəd Xidmətinin uğurla həyata keçirdiyi “Açıq Səma”
əməliyyatında hələ 2011-ci ildən icrasına başlanılmış layihə
çərçivəsində modifikasiya edilmiş AN-2 təyyarələrinin 20-i elə ilk
gündə yanlış hədəf qismində havaya buraxılmışdır. Nəticədə əksər
zenit raket komplekslərini açan və radarlarını işə salan düşmən
hədəflərinin dislokasiyası kəşfiyyat pilotsuz uçuş aparatlarımız
vasitəsilə müəyyənləşdirildikdən sonra “Harop”zərbəendirici
PUA-lar tərəfindən onlar məhv olunmuş, müharibənin elə ilk günü
düşmənə məxsus zenit raket komplekslərinin 70%-i darmadağın
edilmişdir.
Bu əməliyyatlarda PUA operatorlarımız tərəfindən əvvəllər ancaq
filmlərdə izlədiyimiz texnoloji inkişaf dövrün savaşçılarına xas
olan yüksək dəqiqliklə “Harop”, “Quzğun” pilotsuz uçuş aparatları
tətbiq edilərək düşmənin operativ–taktiki raket
kompleksləri, zenit-raket sistemləri, radio elektron-mübarizə
stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası,
komanda idarəetmə məntəqələri məhv edilmiş, ümumilikdə 290 düşmən
hədəfi, çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilmişdir.
Ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət
sərhədlərimizin işğaldan azad edilməsindən sonra Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri
sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə
ardıcıl tədbirlər həyata keçirilir.
Ötən müddətdə Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad
olunmuş hissəsində sərhəd zastavalarının fəaliyyəti bərpa edilmiş,
Ermənistanla dövlət sərhədində yeni hərbi hissələrin və sərhəd
xətti boyu sərhəd-döyüş məntəqələrinin fəaliyyətə başlaması təşkil
olunmuş, atəşkəsdən sonra bu ərazilərdən Ermənistan Silahlı
Qüvvələrinin çıxarılması təmin edilmişdir.
– İşğaldan azad edilmiş ərazilərimizdə sərhəd
postlarının, zastavaların, yeni hərbi hissələrin tikintisi, şəxsi
heyətin komplektləşdirilməsi prosesi necə davam edir?
Sərhədçilərimizin döyüş qabiliyyəti, maddi-texniki bazası, şəxsi
heyətin təminatı, mənəvi psixoloji durumu necədir?
– Qeyd etdiyim ki, ölkəmizin ərazi bütövlüyünün bərpa
olunmasından sonra işğaldan azad edilmiş sərhədlərimizdə zəruri
müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə ardıcıl
tədbirlər həyata keçirilir. Ötən il ərzində Cəbrayıl, Zəngilan,
Qubadlı və Laçın rayonlarının ərazisində Dövlət Sərhəd Xidmətinin
19 yeni hərbi hissə kompleksi yaradılmışdır. Azərbaycan-Ermənistan
dövlət sərhədinin Zəngilan, Qubadlı rayonları ərazisindən və
Laçın rayonunun bir hissəsindən keçən hissəsi tam nəzarət altına
götürülmüş, bu istiqamətdə 106 sərhəd-döyüş məntəqəsi
xidməti-döyüş fəaliyyətinə başlamışdır.
Bununla yanaşı, Azərbaycan-Ermənistan dövlət sərhədində “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış
məntəqələri yaradılmış, “Füzuli” beynəlxalq hava limanında sərhəd
nəzarətinin təşkili üzrə tədbirlər görülmüşdür.
Yeni istifadəyə verilən hərbi hissələrdə şəxsi heyətin xidməti
və sosial şəraitinin yaxşılaşdırılması üzrə zəruri işlər görülür.
Belə ki, burada lazımi məişət şəraiti olan yataqxanalar,
yeməkxanalar, istirahət və xüsusi təyinatlı otaqlar, təlim
poliqonları, anbarlar, mərkəzləşdirilmiş istilik və işıqlandırma
sistemləri, hamam-camaşırxana, idman zalları və yaşayış evləri
sərhədçilərin sərəncamına verilmişdir. Bir sözlə, qısa zamanda
hərbi qulluqçuların istər peşəkar və döyüş qabiliyyətlərinin
yüksəldilməsi, istərsə də sosial təminatının yaxşılaşdırılması üçün
zəruri imkanlar yaradılmışdır.
Xüsusi vurğulamaq istərdim ki, azad edilmiş sərhədlərimizdə
heyətimiz böyük ruh yüksəkliyi, qürur hissi ilə xidmətlərini
aparırlar. İllərdi bu günü gözləyən sərhədçilər düşmən
tapdağından azad olunmuş müqəddəs sərhədlərimizin
toxunulmazlığının təmin edilməsi, ölkəmizin ərazi hüdudlarının
mühafizəsi vəzifəsini layiqincə yerinə yetirirlər.
Sərhəd mühafizə infrastrukturunun bərpası və yenidən qurulması,
şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkətinin təmin edilməsində böyük əhəmiyyət kəsb edən
fəaliyyətlər sırasında mühəndis-istehkam bölmələri tərəfindən mina
və partlamamış döyüş sursatlarının aşkarlanması və
zərərsizləşdirilməsi, yolların salınması və bərpası işlərini qeyd
etmək istərdim. Ötən il ərzində azad edilmiş ərazilərdə 73,8 km
məsafədə yeni yollar çəkilmiş, 121,4 km məsafədə yolların əsaslı
və cari təmiri həyata keçirilmiş, 386 hektar ərazinin mina və
partlamamış sursatlardan təmizlənməsi nəticəsində 947 ədəd piyada
əleyhinə, 1195 ədəd tank əleyhinə mina, 186 ədəd partlamamış hərbi
sursat aşkarlanaraq zərərsizləşdirilmişdir.
– Ermənistan hərbçiləri bəzi hallarda sərhədlərimizdə
müəyyən təxribatlar yaratmağa cəhd edir. Bu mənfur cəhdlərin
qarşısı əlbəttə ki, qətiyyətlə alınır. Əməliyyat şəraiti daim
nəzarətdədir. Bu barədə nə deyə bilərsiz?
– Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən dövlət
sərhədlərimizin etibarlı müdafiəsi və mühafizəsi təmin olunur.
Hazırda dövlət sərhədində vəziyyət stabildir, bununla belə
əməliyyat şəraitinə təsir göstərə bilən bütün amillər və təhdidlər
bölmələrimizin xidməti-döyüş fəaliyyətində nəzərə alınır.
– Ümumiyyətlə DSX-nin 2022-ci il üçün müəyyən etdiyi
istiqamətlər, qarşıya qoyulan vəzifələr, döyüş və xidmət
fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərlə
bağlı məlumat verməyinizi xahiş edirik.
– 2022-ci ildə Dövlət Sərhəd Xidmətinin hədəfi Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sərhəd
təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsidir.
Bu məqsədlə qarşımızda duran vəzifələrimiz Azərbaycan-Ermənistan
dövlət sərhədində sərhəd müdafiə və mühafizə infrastrukturunun
yaradılmasının davam etdirilməsi, bu istiqamətdə dövlət sərhədinin
nəzarət altına götürülən sahələrində sərhəd mühafizə
tapşırıqlarının icrası, Azərbaycan-İran dövlət sərhədinin işğaldan
azad edilmiş hissəsində sərhəd mühafizə infrastrukturunun bərpası,
dövlət sərhədində qanunsuz fəaliyyətlərlə qətiyyətli mübarizənin,
təxribat hallarının qarşısının alınması üzrə fəaliyyətlərin davam
etdirilməsidir.
– Şəxsi heyətin sosial təminatının gücləndirilməsi
istiqamətində hansı işlər görülür?
– Silahlı Qüvvələrimizin digər birləşmələrində olduğu kimi
Dövlət Sərhəd Xidmətinin də şəxsi heyəti dövlət qayğısını daima öz
üzərində hiss edir, bu diqqət və etimadı dövlət sərhədlərimizin
etibarlı mühafizəsinin təmin edilməsi üzrə xidməti-döyüş
fəaliyyətlərini layiqincə yerinə yetirməklə doğrultmağa
çalışır.
Ötən il ərzində də bu proses ardıcıl şəkildə davam etmiş,
Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Dövlət
Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və
dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi məqsədilə qeyd olunan heyətin aylıq vəzifə
maaşlarına əlavələr müəyyən edilmişdir.
Bununla yanaşı, il ərzində dövlət sərhədinin mühafizəsi
sisteminin təkmilləşdirilməsi məqsədilə maddi-texniki bazanın
gücləndirilməsi, şəxsi heyətin xidməti və sosial şəraitinin
yaxşılaşdırılması fəaliyyətləri çərçivəsində 107 binadan ibarət 24
tikinti kompleksində tikinti və təmir işləri aparılmışdır.
Xüsusi qeyd etmək istərdim ki, Vətən müharibəsində həlak olmuş
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ailə üzvlərinə
diqqət və qayğının göstərilməsi, onların müraciətlərinin
dinlənilməsi və nəzarətdə saxlanılması, müsbət həlli üçün aidiyyəti
dövlət qurumları ilə əlaqələndirilməsi bu istiqamətdə həyata
keçirilmiş əsas fəaliyyətlərimizdən olmuşdur.
– Azərbaycanın digər qonşu ölkələrlə sərhədlərinin
qorunması, xüsusilə də sərhəd pozucularına qarşı həyata keçirilən
barışmaz mübarizə, qaçaqmalçılıq, narkotiklərin qanunsuz
dövriyyəsinin qarşısının alınması istiqamətində hansı işlər
görülür?
– Dövlət Sərhəd Xidmətinin hərbi birləşmələri tərəfindən
ölkəmizin sərhədlərinin etibarlı şəkildə qorunması təmin edilir,
transsərhəd cinayətkarlığın təzahürləri olan qaçaqmalçılıq,
narkotiklərin daşınması, qanunsuz miqrasiya fəaliyyətləri ilə
barışmaz mübarizə aparılır.
Bununla belə, ölkəmizin əlverişli coğrafi mövqeyini nəzərə
alaraq qeyri-qanuni fəaliyyətlərlə məşğul olan cinayətkar
qruplaşmalar sərhədlərimizdən qanunsuz əməllərini həyata keçirmək
üçün istifadə cəhdləri göstərirlər.
Xüsusi ilə qeyd etmək istərdim ki, düşmən tapdağından azad
olunduqdan sonra İran İslam Respublikası ilə dövlət sərhədinin 132
km sahəsinin mühafizəmiz altına götürülməsi nəticəsində son
zamanlar digər istiqamətlər üzrə narkotrafik cəhdlərinin artması
bunu deməyə əsas verir ki, işğal altında olduğu müddətdə həmin
ərazilər transsərhəd cinayətkarlığın bütün təzahürləri, o cümlədən
narkotiklərin daşınması üçün ən fəal şəkildə istifadə olunub.
Aparılan təhlil göstərir ki, dövlət sərhədlərinin mühafizəsi
gücləndirildikcə, transsərhəd cinayətkar fəaliyyətlərlə məşğul olan
qruplaşmalar da öz imkan və üsullarını təkmilləşdirərək qanunsuz
əməllərini davam etməyə çalışır, bəzi hallarda hətta sərhəd
naryadına odlu silahın tətbiqindən də çəkinmirlər. Ötən ilin may
ayında baş vermiş belə hadisə zamanı iki hərbi qulluqçumuz həlak
olmuşdur. Lakin həlak olmuş sərhədçilərin qanı yerdə qalmamış,
Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumlarımızın keçirdiyi
əməliyyat nəticəsində gizləndiyi yer müəyyən edilmiş
cinayətkarlardan biri saxlanılarkən silahlı müqavimət
göstərdiyindən zərərsizləşdirilmiş, digəri saxlanılaraq
məsuliyyətinə cəlb edilmişdir.
Dövlət sərhədindən qanunsuz fəaliyyətlərlə mübarizə tərəfimizdən
ən qəti şəkildə davam etdirilir, sərhəd mühafizə və sərhəd nəzarəti
bölmələrinin mövcud maddi-texniki imkanlarının təkmilləşdirilməsi,
o cümlədən çətinkeçilən ərazilərdə texniki mühafizə sistemlərinin
tətbiqi, elektron-optik vasitələrin quraşdırılması, sərhəd
mühafizə bölmələrinin peşəkar kadrlarla komplektləşdirilməsi, şəxsi
heyətin bilik və bacarıqlarının, döyüş hazırlığının yüksəldilməsi
üzrə davamlı tədbirlər həyata keçirilir.
2021-ci il ərzində sərhəd mühafizə bölmələrinin xidməti-döyüş
fəaliyyəti nəticəsində 3 ton 57 kiloqram 111 qram narkotik
vasitənin, 131 milyon 52 min 393 manat dəyərində qaçaqmalın dövlət
sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınmış, axtarışda olan
2154 nəfər, saxta sənədlərlə 227 nəfər, özgəsinə məxsus sənədlə 4
nəfər saxlanılmışdır.
– Dəniz sərhədlərimizin qorunması istiqamətində
fəaliyyət haqqında nə deyə bilərsiniz?
– Xəzər dənizinin Azərbaycana mənsub hissəsində neft-qaz
hasilatı infrastrukturunun və ixrac boru kəmərlərinin mühafizəsi,
habelə Xəzər dənizindən qeyri-qanuni məqsədlərlə istifadə
cəhdlərinin mümkünlüyü baxımından dəniz sərhədlərinin etibarlı
mühafizəsinin təşkili Dövlət Sərhəd Xidməti qarşısında qoyulan əsas
vəzifələrdən biridir.
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş
Komandanı cənab İlham Əliyevin dəniz sərhədlərimizin mühafizəsinə
yüksək qayğısı sayəsində hazırda DSX Sahil Mühafizəsi dəniz
mühitində istənilən çağırışa çevik reaksiya göstərməyə qabil quruma
çevrilərək Xəzər dənizinin Azərbaycan Respublikasına aid
hissəsində enerji ehtiyatlarının, neft-qaz boru kəmərlərinin və
platformalarının qorunması, beynəlxalq terrorizm, kütləvi qırğın
silahlarının komponentlərinin qanunsuz yayılması, qeyri-leqal
miqrasiya və narkotik qaçaqmalçılığına qarşı mübarizədə yüksək
nailiyyətlər əldə etməkdədir.
Dəniz sərhədlərinin etibarlı mühafizəsi üzrə yeni
infrastrukturların yaradılması istiqamətində fəaliyyətlər
çərçivəsində 2021-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil
Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası
istifadəyə verilmiş, dənizdə neft-qaz infrastrukturunun mühafizəsi
məqsədilə sərhəd gözətçi gəmilərinin sualtı mühafizə imkanları
gücləndirilmiş, gəmilərin idarəetmə heyətlərinin peşəkarlığı
təkmilləşdirilmiş, dəniz yolu ilə narkotik qaçaqmalçılarına qarşı
effektiv mübarizə aparılmışdır.
Bununla yanaşı, Xəzər dənizinin Azərbaycan Respublikası
sektorunda təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin
edilməsi, dəniz infrastrukturuna yönəlmiş terror-təxribat
aktlarının qarşısının alınması üzrə şəxsi heyətin döyüş hazırlığı
və peşəkarlığının təkmilləşdirilməsi məqsədilə 4 günlük taktiki
təlimlər keçirilmişdir.