2021-ci ilin sosial-iqtisadi nəticələri və inkişaf perspektivləri müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “2021-ci ilin sosial-iqtisadi nəticələri və inkişaf perspektivləri” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Mərkəzdən AzerTimes-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il yanvarın 12-də yerli mediaya verdiyi müsahibədə sosial-iqtisadi məsələlər barədə fikirləri müzakirə olunmuşdur. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, 2021-ci ildə dünya iqtisadiyyatı 5,5 faiz, Azərbaycan iqtisadiyyatı isə 5,6 faiz artmaqla son səkkiz ildə ən yüksək artım tempi göstərmişdir: “Təqdirəlayiq haldır ki, iqtisadi artımın drayveri qeyri neft-qaz sektorunda olmuşdur: bu sahədə əlavə dəyər 2021-ci ildə 7,2 faiz və neft-qaz sektorunda isə 1,8 faiz artmışdır. ÜDM istehsalının 42,5 faizi sənayenin payına düşür ki, bu da 24,8 faiz orta dünya göstəricisini əhəmiyyətli şəkildə üstələyir. Ötən il Azərbaycanda qeyri-neft-qaz sənayesinin artım tempi 20 faiz olmuşdur ki, bu da Azərbaycanın müstəqillik tarixində rekorddur. Ən əsası odur ki, Azərbaycanda iqtisadi artım manatın sabitliyi, aşağı xarici borc və kifayət qədər yüksək strateji valyuta ehtiyatlarının mövcudluğu şəraitində baş verir. Dünya iqtisadiyyatının üzləşdiyi inflyasiya problem ilə mübarizədə Azərbaycan höküməti mümkün olan tədbirləri həyata keçirir.”

V.Qasımlı bildirib ki, 2021-ci ildə dünya ticarətində artım proqnozu 10,8 faiz olduğu halda, Azərbaycanın qeyri-neft ixracı 47,2 faiz artıb. Bir ildə qeyri-neft ixracının bu qədər artması müstəqillik tarixində bir ilkdir: “2021-ci ildə qeyri-neft sektoru üzrə ixracın 2015-ci ildəki adambaşına 170 ABŞ dollarından 2021-ci ildə 270 ABŞ dollarına çatması deməyə əsas verir ki, 2025-ci ildə 450 ABŞ dolları hədəfinə nail olunması mümkündür.” Vüsal Qasımlı bildirib ki, vergi orqanlarının keçən il proqnozdan əlavə yığdığı təqribən 1,4 milyard manat vəsait əhalinin sosial rifahına yönəldiləcək: “Vergi-gömrük inzibatçılığının təkmilləşdirilməsi, məcburetmədən könüllü riayətetməyə keçid, kölgə iqtisadiyyatı ilə mübarizə, leqallaşma, şəffaflıq və hesabatlılıq sahəsində görülən işlər nəticəsini verir. Göründüyü kimi, Azərbaycanda aparılan iqtisadi islahatlar sosial rifahın yaxşılaşmasına yönəldilir. Hansı ki, dünya təcrübəsində iqtisadi islahatlar bəzən ağrılı keçir və sosial rifaha mənfi təsir göstərir. 2019-cu ildə sosial islahat paketinə əlavə 3 milyard manat, 2020-ci ildə 600 milyon manat vəsait ayrılıb. 2022-ci ildə 2,1 milyon vətəndaşımızın əməkhaqqı və sosial ödənişlərinə dövlət büdcəsindən əlavə 1,5 milyard manat vəsait ayrılacaq.”

V.Qasımlının sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda post-münaqişə quruculuğu sürətlə gedir: “2021-ci ilin dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin dirçəldilməsinə 2,2 milyard manat vəsait ayrılmışdı, həmçinin yeni yaradılmış sənaye zonaları, kənd təsərrüfatı, xidmət və sənaye sahələrinə özəl sahibkarlar cəlb edilib. Bu ərazilərdə iş qurmaq istəyən sahibkarlardan 900-dən artıq biznes-plan daxil olub.”
Tədbirdə Milli Məclisin Komitə sədri Tahir Mirkişili, millət vəkili Vahid Əhmədov, Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Banklar Assosiasiyasının Prezidenti Zakir Nuriyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, “Lütfi Zadə irs və süni intellekt” Assosiasiyasının prezidenti Rafiq Əliyev və Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə çıxış ediblər.

Teqlər: