2021-ci ildə onlayn kredit və kart satışımız bir neçə filialı ötüb – Yelo Bankın sədr müavini

“Yelo Bank”ın idarə heyətinin sədr müavini Günay Cəlilova
ilə müsahibə

1. Günay xanım, 2021-ci il həm bank sektoru, həm də
«Yelo Bank» üçün yadda qalan oldu. «Yelo Bank» ötən il qarşısına
hansı məqsədləri qoymuşdu və hansılarına çata bildi?

Bank sektoru, həmçinin Yelo Bank ötən ilə artıq pandemiyanın
qazandırdığı müəyyən mənada müsbət təcrübələrlə başladı. Bu
təcrübələr nəticəsində həm müştərilərin məsafədən göstərilən
xidmətlərə tələbi artmış, həm də bankların bu istiqamətdə gördüyü
işlər sürətlənmişdi. Vaxtında atdığımız məqsədyönlü addımlar
sayəsində ötən ili gözləntilərimizdən də artıq yekunlaşdırmağa
müvəffəq olduq. Yaratdığımız rəqəmsal həllər və yeniliklərlə
müştərilərimizin ən çətin anında onlara parlaq bankçılığın
üstünlüklərini yaşatmağa çalışdıq.

Ötən ili Yelo Bank üçün uğurlu il kimi qiymətləndirə bilərəm.
İli 12 milyona yaxın mənfəətlə tamamladıq. Ümumi kredit portfelinin
həcmi artaraq 430 mln manatı keçdi. Bir sözlə 2021-ci ili yüksək
maliyyə göstəriciləri ilə başa vurduq və bir çox hədəflərə
artıqlaması ilə çata bildik. Əminəm ki, 2022-ci il bankımız üçün
daha da parlaq olacaq.

2. «Yelo Bank» bir qədər əvvəl «Agile» sisteminə
keçidini elan edib. Bu yenilik bankın fəaliyyətinə, qərarların
qəbuluna necə təsir edib və hansı yenilikləri gətirib?

Zamanla müştərilərin banklara olan tələbləri və gözləntiləri
dəyişir. Bu dəyişikliyə operativ uyğunlaşmaq və müştərilərin
istəklərinə uyğun həllər yaratmaq üçün ənənəvi idarəetmə üsulları
effektiv olmur. Məhz buna görə 2021-ci ildən Agile metodologiyasını
tətbiq etməyə başladıq. Əvvəllər bir xidmət və ya məhsulun ərsəyə
gəlməsi çoxmərhələli və zəncirvari bir proses idisə, Agile ilə
artıq məhsulun hazırlıq dövründə test etmək, dəyişiklikləri çevik
tətbiq etmək, riskli məqamları anında görüb qarşısını almaq mümkün
olur. Bir sıra rəqəmsal yeniliyimizi bu metodologiya sayəsində çox
qısa zaman kəsiyində ərsəyə gətirdik. 3 aydan qısa müddət ərzində 4
yeni rəqəmsal məhsul/xidmət və bir yeni layihəni yekunlaşdırdıq.
Agile transformasiyası şirkət daxilindəki proseslərin
səmərəliliyini yüksəltməklə yanaşı, həm də fərqli mədəniyyət, baxış
tərzi və düşüncə müstəvisidir. Müxtəlif struktur bölmələrdə çalışan
əməkdaşlar konkret layihə və ya məhsul üzərində birgə komanda
şəklində işləyirlər, bu da bütün işlərin daha operativ və
keyfiyyətli görülməsinə birbaşa təsir edir.

3. İndi bütün sahələrdə, xüsusilə bank sektorunda əsas
trend rəqəmsal məhsullara keçiddir. Bu sahədə hansı işlər
görülür?

Mütəmadi olaraq müştərilərimiz və ümumi əhali arasında sorğular
və görüşlər keçirərək onların tələblərini müəyyənləşdirməyə
çalışırıq. Demək olar ki, müştərilərimizin əksəriyyəti məsafədən
bankçılıq xidmətlərinə üstünlük verir. Bu sahədə Yelo Bank sürətlə
irəliləməklə yanaşı, həm də innovativ həllər də təklif edir. Qeyd
edək ki, Yelo mobil tətbiqimizin yüklənmə sayı artıq 280 mini keçib
və artım sürətli templə davam edir. Bundan başqa, tətbiqimizdə tam
onlayn kredit əldə etmək xidməti də istifadəyə verilib. Bu xidmətdə
müraciət və rəsmiləşdirmə proseslərinin hamısı onlayndır və hətta
kredit vəsaitini götürmək üçün də müştərinin banka gəlməyinə
ehtiyac qalmır, vəsaiti kart vasitəsilə ünvana pulsuz çatdırırıq.
Ən əsası bu xidmət təkcə cari müştərilərimiz üçün yox, hər kəs
üçündür. Xüsusilə qeyd etmək istərdim ki, yeni müştərilərə bu
formada tam onlayn kreditin verilməsini təqdim edən ilk yerli
bankıq. Bu xidməti daha da təkmilləşdirərək, fiziki şəxslər üçün
tam avtomatlaşdırılmış skorinq funksionallığını da istifadəyə
vermişik. Onun sayəsində kredit müraciəti insan faktoru olmadan
nəzərdən keçirilərək qərar verilir. Bu funksionallığın digər
üstünlüyü isə kreditləşmə prosesinin 1 dəqiqədən az vaxt
aparmasıdır. Müştərilər artıq bank növbələrində, uzun sənədləşmə
proseslərində vaxt itirmir. Həm cari, həm də yeni müştərilərimizin
pozitiv geridönüşlərindən buna bir daha əmin olmuşuq. Çünki biz
istənilən innovativ yeniliyimizi müştərinin tələb və ehtiyaclarını
dərindən anlayaraq yaradırıq.

Fərdi müştərilərimizə təklif olunan digər məhsul və xidmətlərin
də Yelo tətbiqi üzərindən təqdim olunması üzərində işlər sürətlə
davam edir. Qarşıdakı yeniliklərimiz isə dövrün tələblərinə əsasən
nağdsız ödənişlərin təşviqinə istiqamətlənib və artıq
müştərilərimizin fiziki olaraq kart daşımasına ehtiyac
qalmayacaq.

4. Bəs biznes müştəriləri, sahibkarlar üçün «Yelo
Bank»da hansı onlayn məhsullar mövcuddur?

Bankımızın ötən ilin əvvəlindən təsdiqlənmiş yeni
strategiyasında real sektora dəstək yenə əsas prioritetlərdən
biridir. Ötən ilin sonuna doğru kredit satışlarının 75%-ni biznes
kreditlərinin təşkil etməsi də strategiyamızın uğurlu tətbiqinin
göstəricisidir. Mikro, kiçik və orta kreditləşməsi üzrə bu il üçün
kifayət qədər yeniliklərimiz nəzərdə tutulub. Yalnız standart
şərtli məhsullar deyil, fərqli seqmentlərin tələblərinə
uyğunlaşdırılmış məhsullar da təklif olunacaq. Keçən ilin sonundan
müştərilərimizə eyni tətbiqdən həm fərdi, həm də biznes profilə
keçid imkanı təqdim olunub. Biznes profildə müştərilərimiz tam
onlayn qaydada mikro-kredit kartı əldə edə bilirlər.

Əsas yeniliklərimizdən biri isə biznes hesabın tam onlayn
qaydada açılmasıdır. Bununla da müştəri biznesindən ayrılmadan,
əlavə vaxt itirmədən və filiala yaxınlaşmadan, cəmi bir neçə dəqiqə
ərzində, dünyanın istənilən nöqtəsindən Yelo Bank-da hesab aça
biləcək.


İnternet Bank xidmətimiz də hüquqi şəxs müştərilərimiz üçün bir
çox imkanlar yaradır. Statistikaya əsasən ötən il hüquqi şəxslər
bütün bank əməliyyatlarının 82%-i İnternet Bank xidmətimiz
vasitəsilə ediblər. Müştərilərin onlar üçün təklif olunan
yeniliklərə qısa müddətdə belə sürətlə keçidi və uyğunlaşması
sevindiricidir. Ümumiyyətlə, yaxın zamanda əksər bank xidmətləri
üzrə müştərilərimizin filiala gəlmək üçün səbəbləri daha da
azalacaq.

5. Bəs bu qədər yeniliyi müştərilərinizə çatdıra bilmək
üçün hansı marketinq strategiyasını tətbiq edirsiniz?

Məhsul və xidmətlərimizi rəqəmsallaşdırdığımız kimi onların
tanıtımı üçün istifadə etdiyimiz reklam kanalları da dəyişir. Artıq
marketinqdə də ənənəvi kanallar bir çox halda onlayn reklamlara
uduzur. Əksər müştərilər bu gün internetdədir, deməli marketinq də
internetdə daha aktiv və sistemli işləməlidir. Buna görə də
rəqəmsal marketinqə daha çox yatırım etməyə üstünlük veririk. Qeyd
etməliyəm ki, onlayn reklamlarda büdcə vacib rol oynayır, lakin
əsas həlledici amil deyil. Hər bir yerləşimimizdə fərqli testlər
apardıqdan sonra ən effektivlərini seçməyə və düzgün hədəfləmələr
aparmağa çalışırıq. Müştərilərin davranış və maraqlarını analiz
edərək məhz onlara uyğun təkliflər hazırlanılır. Bununla da həm
cəlb edilən müştəri sayını artırırıq, həm də bir cəlbetməyə çəkilən
xərci optimallaşdırırıq. Əsas səbəblərdən biri bu reklam növlərinin
interaktivliyi və daha ölçüləbilən olmasıdır. Qısa müddət ərzində
istənilən məlumatı böyük kütləyə çatdırmaq və əldə olunan
nəticələri analiz etmək mümkündür. Hətta bunu da vurğulamaq
istərdim ki, rəqəmsal fəaliyyətimizin nəticəsi olaraq 2021-ci il
ərzində istehlak kreditlərinin və debet kartların onlayn satışı bir
neçə filialın satış həcmini ötüb. Bu nisbət rəqəmsal kanalların
xeyrinə olmaqla artmağa davam edəcək.

6. Günay xanım, Yelo Bank-ın bir neçə il əvvəl
rebrendinq etməsi onun imicini tamamilə yeniləyib. Bəs bank
müştərilərin gözündə necə dəyişib?

Bildiyiniz kimi rebrendinq və keçid dövrümüzün böyük hissəsi
pandemiya dövrünə təsadüf etdi. Buna baxmayaraq, heç bir gecikmə
olmadı, əksinə bu prosesi adətən tələb olunan vaxtdan daha tez
yekunlaşdıra bildik.

“Parlaq bankçılıq” devizi ilə başlatdığımız strategiyamız
müştərilərimizə xidmət səviyyəsində və yeni xidmət məntəqələrinin
yaradılmasında özünü göstərir. Hər ilin yanvar ayında ötən il
ərzində görülmüş işləri və bazar mövqeyimizi ölçmək üçün əhali
arasında sorğular keçiririk. Bu sorğuların nəticələrinə əsasən deyə
bilərəm ki, rebrendinqdən sonra Yelo Bank-ın tanınması və
müştərilərin bu banka bağlılıq dərəcəsi yalnız artan tempdə gedib.
Qeyd edək ki, bu göstəricilər yalnız Yelo Bank müştərilərinin rəyi
əsasında formalaşmır, sorğu ümumilikdə ölkə banklarının
istifadəçiləri arasında keçirilir. Son 2 ilin nəticələrinə baxdıqda
Bankın tanınmasının və müsbət rəylərin artdığını görürük. Yalnız
klassik sorğular deyil, onlayn statistikalar da bunu göstərir.
Müştərilərimiz parlaq rəngimiz və fərqli yanaşmamız ilə ölkədəki
bankçılığa yeni nəfəs gətirildiyini bildirirlər. Bu diqqət bizi çox
ruhlandırır, eyni zamanda daha da çox çalışmağa ilhamlandırır.

Yeni məhsullarla bərabər, cari məhsullarımızda da müştəriyönümlü
dəyişikliklər üzərində işlənilir. Məsələn, yaxın zamanda
çoxfunksional Yelo kartlarında bir sıra müştəriyönümlü yeniliklər
gözlənilir. Bütün yeniliklərdə əsas məqsəd müştərilərə daha yaxın,
rahat və ən əsası da dostсasına münasibət göstərən banka
çevrilməkdir. Hər bir rəqəmsal yeniliyimizdə əsas yanaşmamız məhz
budur: müştərilər vaxtlarını bank əməliyyatlarına yox, daha çox
sevdiklərinə və şəxsi işlərinə ayırsınlar.

7. «Yelo bank» ölkənin ən böyük yanacaqdoldurma
şəbəkələrindən birinə sahib olan «LUKOYL Azərbaycan» ilə yaxın
tərəfdaşdır. Bu əməkdaşlığın hansı formada davam etdirilməsi
nəzərdə tutulur?

Ötən il 6 yeni filialımızla bərabər, LUKOYL Azərbaycan ilə
əməkdaşlıq çərçivəsində ilk Özünəxidmət Mərkəzimizi də müştərilərin
istifadəsinə verdik. Xatırladım ki, ənənəvi filiallardan fərqli
olaraq Özünəxidmət Mərkəzində müştərilər bank əməkdaşının iştirakı
olmadan, terminal və planşetlər vasitəsilə ilə bir çox xidmətlərdən
24/7 rejimində, fasiləsiz yararlana bilər. Kartdan vəsaitin
nağdlaşdırılması, kart və cari hesaba mədaxil, müxtəlif ödənişlərlə
bərabər, burada müştərilər növbə gözləmədən, əlavə sənəd tələbi
olmadan rahat şəkildə nağd pul, biznes kreditləri və Yelo kart
sifarişi
edə bilər. Bu il ərzində də əksəriyyəti regionlarda
olmaqla bir neçə yeni filialların açılması və mövcud filialların
yeni konseptə uyğunlaşdırılması nəzərdə tutulub. “LUKOYL
Azərbaycan” ilə strateji əməkdaşlığı 2022-ci ildə daha da
genişləndirməyi planlaşdırırıq. Özünüxidmət mərkəziləri yalnız bu
partnyorluğumuzun başlanğıcıdır, onların saylarını artırmaqla
bərabər, yeni ortaq layihələrin reallaşdırılmasını da
hədəfləmişik.

8. 2022-ci ildə «Yelo Bank»ın qarşısında dayanan əsas
çağırış, bankın yüksək menecmentinin çatmağa planlaşdırdığı hədəf
nədir?

2021-ci ilin əvvəlində qəbul etdiyimiz üçillik inkişaf
strategiyasının ilk ilini planlaşdırdığımızdan da yaxşı
yekunlaşdırdıq. 2022-ci ildə də bu strategiya daxilində Müşahidə
Şurası ilə razılaşdırılmış hədəflərin tam icrasına çalışacağıq.
Qeyd etdiyim kimi həm istehlak, həm də biznes müştərilərinin
gündəlik fəaliyyətlərini rahatlaşdıracaq bir çox yeniliklər təqdim
olunacaq. Həyata keçirmək istədiyimiz layihələr çoxdur, müştəri
gözləntilərini artıqlaması ilə doğrultmaq üçün bütün resurslarımızı
səfərbər etmişik. 2022-ci ilə proqnozlarım pozitivdir. Ötən ilin
yekun nəticələrinə nəzər saldıqda görürük ki, rəqəmlərimiz çox
ümidvericidir. Bu il də artım tendensiyasını saxlamağa çalışacağıq.
Olduqca böyük və məsuliyyətli hədəflərimiz var. Rəqəmsal
bankçılıqda ilk ağla gələn banklardan biri olmaq,
mikrokreditləşmədə mövqeyimizi qorumaq, pərakəndə bankçılıqda
rəqabətədavamlı bazar payına sahib olmaq üçün güclü strateji
inkişaf planını gerçəkləşdirməkdəyik. Əminəm ki, onlara da peşəkar
komandamızın səyi və bacarığı ilə nail ola biləcəyik.

Teqlər: