2021-ci ildə koronavirusdan ölənlərin sayı 3,3 milyonu ötüb

2021-ci ilin əvvəlindən 3,3 milyondan çox insan koronavirusdan ölüb ki, bu da 2020-ci ildə HİV, malyariya və vərəmdən ölənlərin sayından artıqdır.

Trend xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bazar ertəsi Cenevrədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, COVID-19 hər həftə təxminən 50 min insanın həyatına son qoyur: “Hazırda “omikron” ştammının “Delta” variantından əhəmiyyətli dərəcədə daha sürətli yayıldığına dair sübutlar var. Peyvənd edilmiş və ya COVID-19-dan sağalmış insanların yoluxma və ya təkrar yoluxma şansı daha yüksəkdir”.

ÜST-ün baş direktoru əlavə edib ki, qarşıdan gələn bayram zamanı bir çox ölkələrdə insanlar arasında təmasların sayının çox olması infeksiya və ölüm hallarının artmasına, həmçinin səhiyyə sistemlərinin həddən artıq yüklənməsinə səbəb olacaq. Bununla bağlı ÜST rəhbəri insanları xəstəliklərdən qorumaq üçün çətin qərarlar qəbul etməyə çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dekabrın 17-nə dünyada 271 963 258 nəfər koronavirusa yoluxub, 5 331 019 nəfər xəstəlikdən ölüb.

Teqlər: