2021-ci ildə Azərbaycan ölkənin milli maraqlarına əsaslanaraq öz xarici siyasətini davam etdirib – Ceyhun Bayramov

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2021-ci ildə Azərbaycan ölkənin milli maraqlarına əsaslanaraq öz xarici siyasətini davam etdirib.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın xarici siyasəti sahəsində ilin yekunlarına dair mətbuat konfransı zamanı deyib.

“Azərbaycanın xarici siyasətinin həm ikitərəfli, həm də çoxtərəfli formatda əsas prioritetləri ölkəmizin münasibətlərini inkişaf etdirməkdir. Azərbaycan bu il ərzində beynəlxalq hüquq və standartlara uyğun olaraq, regional sülh və təhlükəsizliyə sadiq qalmaqla ədalətə nail olmağa çalışıb. Bundan başqa, bizim xarici siyasətimiz Azərbaycanın və onun xalqının maraqlarının müdafiəsinə yönəlmişdi”, – deyə nazir bildirib.

Qarabağla bağlı üçtərəfli bəyanatın icras barədə danışan C.Bayramov qeyd edib ki, XİN 2021-ci il ərzində regionda sülh və təhlükəsizliyin təmin olunması üçün yaradılmış platformalar çərçivəsində bir sıra tədbirlər keçirib.

“Onu da qeyd edə bilərəm ki, gündəlikdə kommunikasiyaların açılması, sərhədin delimitasiyası və demarkasiyası, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması kimi məsələlər dayanır. Eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərinin bərpası da prioritet tapşırıqdır. Biz bu prosesdə bir çox çətinlik və çağırışlarla üzləşirik ki, bunlar da xüsusilə çoxlu sayda minaların olması ilə bağlıdır”, – C.Bayramov deyib.

O əlavə edib ki, 2021-ci ildə Azərbaycan beynəlxalq səviyyədə Ermənistanda qarşı məhkəmə iddiaları qaldırmaqda davam edib və bu iddiaların bəziləri təmin olunub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: