Xəbər - Zeyni Cəfərov – Trend:
Koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə baxmayaraq, ötən il ümumi daxili məhsul (ÜDM) istehsalında dağ-mədən sektorunun payı artıb.
AzerTimes-ın məlumatına görə, bunu “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov qurumun 5 illik fəaliyyətinə dair mətbuata yazılı açıqlamasında deyib.
O bildirib ki, ilkin proqnozlar cari ildə də bu müsbət tendensiyanın qorunub saxlanılacağına əsaslar yaradır: “Təsadüfi deyil ki, hazırda ölkəmizdə ixrac edilən qeyri-neft məhsulları arasında qızıl və gümüş ən öncül mövqelərdə qərarlaşıb. Azərbaycan Prezidentinin sərəncamı əsasında 5 il öncə məhz 5 iyul tarixində fəaliyyətə başlayan Səhmdar Cəmiyyət ilk gündən təbii resursları sosial rifaha və dayanıqlı inkişafa çevirməyi əsas missiya olaraq müəyyənləşdirib. Bu məqsədlə “AzerGold” qısa müddət ərzində böyük zəhmət və gərgin əmək hesabına qiymətli metalların istehsalı və ixracı sahəsində ölkənin qeyri-neft sektorunun liderlərindən birinə çevrilməyə müvəffəq olub”.
Z.İbrahimov əlavə edib ki, “AzerGold” 5 il ərzində 248 min unsiya qızıl və 446 min unsiya gümüşün satışından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edib. Bu müddətdə əlvan metal layihələrinin icrası məqsədilə dövlət büdcəsindən şirkətə 47 milyon manat, yəni ümumi satış dövriyyəsinin cəmi 7,3 faizi həcmində vəsait ayırılıb və dövlət büdcəsinə 55,5 milyon manatdan artıq məbləğdə vergi və rüsum ödənilib.
(Tərcümə: Orxan Nəbiyev)