Xəbər - Elçin Mehdiyev – Trend:
2020-ci il sentyabrın 27-si Azərbaycan tarixində dönüş nöqtəsidir. Həmin gün şanlı Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə 30 illik həsrətə son qoyan əks-hücum əməliyyatına başladı və torpaqlarımız düşmən dapdağından azad edildi.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, Azərbaycan bu müharibədə öz gücünü göstərdi, ermənilərin bu illər ərzində yaratdığı bütün mifləri darmadağın etdi: “Azərbaycanın 44 günlük müharibədə qələbəsini təkmil siyasi idarəetmə, Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasəti nəticəsində daxili və xarici siyasətdə böyük uğurlar əldə edilməsi, 2003-cü ildən başlayaraq, həyata keçirdiyi iqtisadi siyasət nəticəsində güclü iqtisadi potensialın formalaşdırılması, güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik ordunun yaradılması, qısa zamanda çevik şəkildə bütün resursların səfərbər edilərək vahid məqsədə istiqamətləndirilməsi və ölkədə xalq-iqtidar birliyi, milli həmrəylik şərtləndirdi”.
C.Osmanov deyib ki, 44 günlük müharibə dövründə Azərbaycan Ordusu bir addım da olsun geri çəkilmədi: “44 gün ərzində Azərbaycan Ordusu yalnız irəli getdi, əsgər və zabitlərimiz dastanlara çevriləcək qəhrəmanlıqlar göstərdi, Vətən uğrunda canlarından, sağlamlıqlarından keçdilər.
Azərbaycan ordusu qarşısında aciz qalan düşmən həmişəki kimi çirkin yola əl atdı. Vətən müharibəsi dövründə düşmən təmas xətti yaxınlığında və təmas xəttindən uzaqda yerləşən yaşayış məntəqələrinə xaincəsinə raket zərbələri endirdi. Onlar bu yolla xaqlımızı ruhdan salmaq, dövlətimizi təxribata çəkmək istəyirdilər. Lakin Azərbaycan düşmənin heç bir təxribatına uymadı. Ali Baş Komandanın əmrinə uyğun olaraq, Azərbaycan Ordusunun hədəfi yalnız düşmənin hərbi qüvvələri, obyektləri oldu”.
C.Osmanov qeyd edib ki, artıq müharibə geridə qalıb, münaqişə başa çatıb və Azərbaycan regionda yeni reallıqlar yaradıb: “Bu gün ermənilər hələ də xülyalarla yaşayır, revanşist fikirlər səsləndirirlər, lakin onlar bilməlidirilər ki, növbəti müharibə onların sonu ola bilər. Azərbaycan Ordusu düşmənin hər bir təxribatına layiqli cavab verməyə hazırdır”.