2018-ci ilin Prezident seçkiləri ölkəmizin böyük zəfərlərinin əsasını qoydu – Kamaləddin Qafarov

2018-ci il aprelin 11-də Azərbaycan xalqı növbəti dəfə də müdrik
seçim edərək cənab İlham Əliyevi yenidən Ölkə Prezidenti seçdi.
Ölkənin səsvermə hüququna malik olan vətəndaşlarının 74.3 % -nin
iştirak etdiyi və müxtəlif partiyaları təmsil edən 8 namizədin
qatıldığı şəffaf, azad, demokratik şəraitdə keçirilən seçkilərdə
Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev seçicilərin
mütləq əksəriyyətinin – 86,03 faizinin səsini qazanaraq Azərbaycan
Respublikasının Prezidenti seçildi. Andiçmə mərasimindəki çıxışında
Prezident İlham Əliyev demişdir: “Biz gələcəyə baxmalıyıq və
baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın
təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən
əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük
nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz
daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan
vətəndaşları daha da yaxşı yaşasınlar.” Azərbaycan xalqı 2003-cü
ildən sonra ardıcıl olaraq üç dəfə məhz Heydər Əliyev siyasi
kursuna öz dəstəyini verdi və yalnız İlham Əliyevi ölkə
rəhbərliyində görmək istəyini birmənalı şəkildə ifadə etdi. 2018-ci
ilin aprel ayının 11-də Prezident İlham Əliyevə xalq tərəfindən
verilən dəstək həm də ölkəmizdə hər kəsin dövlətin apardığı siyasi
kursu dəstəklədiyinin ən bariz göstəricisi oldu.

Bunu Trend
açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Kamaləddin Qafarov deyib. Millət vəkili bildirib ki, 2018-ci ildə
keçirilmiş seçkilər bir daha göstərdi ki, Azərbaycan xalqı ölkənin
siyasi arenasında destruktiv mövqelərdə duran radikal və xain
qüvvələri görmək istəmir: “Prezident İlham Əliyevin rəhbərliyi
altında 2003-cü ildən bəri uğurla həyata keçirilən düşünülmüş
balanslı xarici siyasət sayəsində 2018-ci ilədək artıq bir çox
yüksək nəticələr əldə olunmuşdu. O cümlədən, Prezidentimizin
Azərbaycanın BMT, Avropa Şurası, ATƏT, NATO və bütün digər nüfuzlu
beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış
etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə
hörmətlə yanaşmasına nail olması üçün münbit şərait yaranmışdı.
Ölkəmizin beynəlxalq nüfuzunun günbəgün artması Azərbaycan
vətəndaşlarını da ürəkən sevindirirdi. Belə olan şəraitdə, mövcud
hakimiyyətə qarşı radikal müxalif mövqelərdən çıxış edən qüvvələr
xalqın dəstəyini ala bilməzdilər və almadılar. Seçkilərdə iştirak
edən vətəndaşların mütləq əksəriyyətinin Prezident İlham Əliyevə
səs verməsi, birmənalı olaraq xalqın bütün radikal qüvvələrə
verdiyi “yox” cavabı idi. Azərbaycan xalqı 2018-ci ildə bir daha
bəyan etdi ki, sözügedən qüvvələrin Azərbaycanın siyasi səhnəsində
yeri yoxdur”.

Millət vəkili vurğulayıb ki, ölkəmizin müstəqil və uğurlu xarici
siyasət yürütməsinə imkan yaradan əsas amillərdən biri də iqtisadi
inkişafın davamlılığıdır: “Prezident İlham Əliyev öz çıxışlarında
dəfələrlə belə bir fikri səsləndirib: “Ancaq iqtisadiyyatı güclü
olan ölkələr müstəqil siyasət apara bilərlər”. Dövlətimizin başçısı
məhz bu baza prinsipinə əsaslanaraq davamlı iqtisadi islahatların
təşəbbüskarı kimi çıxış edir.

2003-2018-ci illər tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü
kimi daxil olmuşdur. Bu gün ölkəmizin xarici əməkdaşlıq
istiqamətləri arasında enerji sahəsi xüsusi yer tutur və bu sahədə
Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil siyasət yürüdən
Azərbaycan öz təbii sərvətlərinin əsl sahibi olaraq beynəlxalq
əməkdaşlıq əlaqələrini milli maraqlar və qarşılıqlı faydalılıq
prinsipləri əsasında reallaşdırır. Azərbaycan istər regional,
istərsə də beynəlxalq səviyyədə ölkələrarası əməkdaşlıq və
təhlükəsizlik məsələlərinə mühüm töhfələr verir. 2003-2018-ci
illərdə iqtisadiyyatın neft-qaz sektoruna xüsusi diqqət
göstərilirdi. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu
Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verildi və
ölkə böyük gəlirlər əldə etməyə başladı. 2007-ci ildə istifadəyə
verilmiş Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən
ölkəyə çevirdi. 2014-cü il sentyabrın 20-də “Cənub Qaz Dəhlizi”nin
təməli qoyulub. 2018-ci il 29 may tarixində Bakıda “Cənub Qaz
Dəhlizi”nin, 12 iyun tarixində isə Əskişəhərdə bu dəhlizin mühüm
hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin açılışı oldu.
Təbii ki, bütün bu hadisələr Azərbaycanın iqtisadi gücünün
artmasını təmin etdi və ölkəmizin beynəlxalq arenalarda
mövqeylərini daha da möhkəmləndirdi. Birmənalı olaraq
vurğulanmalıdır ki, Prezident İlham Əliyevin siyasətində həyata
keçirilən əsas prioritetlər Vətənin müdafiəsi və xalqın
rifahıdır”.

K.Qafarov açıqlamasının sonunda deyib: “Bu baxımdan möhtərəm
dövlət başçımızn həyata keçirdiyi müstəqil xarici siyasətin ən
əhəmiyyətli nəticələrindən biri kimi məhz Vətən müharibəsində əldə
olunmuş möhtəşəm tarixi Qələbəmizi göstərmək lazımdır.

Müharibənin 44 günü ərzində Ali Baş Komandanın rəhbərliyi ilə
dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT
Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutaraq öz ərazilərini azad
etmək hüququndan istifadə etdi və genişmiqyaslı əks-hücum
əməliyyatlarını böyük uğurla həyata keçirdi. Azərbaycan Prezidenti
cənab İlham Əliyevin yürütdüyü düşünülmüş praqmatik xarici siyasət
sayəsində bu gün Azərbaycanla daha yaxın əlaqələr qurmaq istəyən
ölkələrin sayı durmadan artır. Ermənistan tamamilə təcrid edilmiş
vəziyyətə düşüb. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində
bütövlükdə dünyada bu müharibə ilə bağlı artıq tam konkret və
həqiqəti əks etdirən təsəvvür formalaşıb. Məhz bu siyasət sayəsində
Qarabağ münaqişəsi sona çatdı, Ermənistan və onun bütün dünyada
olan havadarları Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni
geosiyasi və geostrateji reallıqları qəbul etməyə məcbur
oldular”.

Teqlər: