2018-ci il prezident seçkilərində xalq İlham Əliyevə səs verməklə müdrik addım atdı – Deputat

2018-ci il aprelin 11-də Azərbaycanda keçirilmiş növbədənkənar
prezident seçkilərində xalq yenidən İlham Əliyevə səs verməklə
müdrik addım atdı, Azərbaycanın inkişafına, uğurlu və əmin
gələcəyinə, təhlükəsizliyinə, müstəqilliyinin möhkəmlənməsinə,
tərəqqiyə və rifaha səs verdi.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, seçki marafonunda 8 namizəd iştirak edirdi. “Yeni
Azərbaycan Partiyasının bu seçkilərdə namizədi, partiyanın Sədri
cənab İlham Əliyev olmuşdur. Seçkilərdə səsvermə hüququna malik
olan vətəndaşların 74.3 % iştirak edirdi. Şəffaf, azad, demokratik
şəraitdə keçirilən seçkilərdə cənab İlham Əliyev Azərbaycan
seçicilərinin mütləq əksəriyyətinin – 86,02 faizinin səsini
qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bu
seçkilər Azərbaycan tarixində yeni bir inkişaf mərhələsinin
başlanğıcı oldu”, – deyə deputat qeyd edib.

A.Həsənova vurğulayıb ki, xalqın seçimini Prezident İlham
Əliyevin xeyrinə müəyyən edən bir çox amillər mövcud idi.

“Cənab İlham Əliyevin 2003-2018-ci illər ərzində prezidentliyi
dövründə ölkəmiz böyük inkişaf yolu keçib, mühüm uğurlar əldə edib,
Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib,
dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı dəfələrlə artıb,
Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib,
ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrilib. İnsan amili,
xalqın rifahı və milli maraqlar hər zaman dövlət siyasətinin
strateji prioritetləri olub, işsizliyin və yoxsulluğun səviyyəsi
minumuna düşüb.

Konkret rəqəmlərlə danışsaq 2003-2018-ci illər ərzində ümumi
daxili məhsul 3,2 dəfə, büdcə gəlirləri 13,5 dəfə artıb. Ölkənin
strateji valyuta ehtiyatları 26.6 dəfə artıb, maliyyə imkanlarımız
əsaslı şəkildə yaxşılaşıb. Xarici ticarət dövriyyəsi 4,6 dəfə,
ixracın həcmi altı dəfə artıb. Regionlarda ümumi məhsul
buraxılışının artımı 3,6 dəfəyə bərabər olub. Əhalinin nominal
gəlirləri 8.6 dəfə, minimum əməkhaqqı 12.9 dəfə, xaricə səfər edən
vətəndaşların sayı 2,2 dəfə, əhalinin banklardakı əmanəti 30 dəfə
artıb. 1 958 400 yeni iş yeri açılıb, 326.6 min nəfərə ünvanlı
dövlət sosial yardımı verilib. İşsizliyin səviyyəsi 9.2 faizdən 5
faizə, yoxsulluğun səviyyəsi 44.7 faizdən 5.4 faizə enib, 245 min
nəfər məcburi köçkün mənzillə təmin olunub.

Azərbaycan xalqı görülən bu işləri yüksək qiymətləndirərək
2018-ci il prezident seçkilərində yenidən cənab İlham Əliyevə səs
verdi”, – deyə A.Həsənova vurğulayıb.

O qeyd edib ki, cənab İlham Əliyevin prezidentliyi dövründə
Azərbaycanın əldə etdiyi ən böyük uğur isə ərazi bütövlüyümüzün
bərpası idi.

“Azərbaycan torpaqlarının 20 faizi 30 ilə yaxın bir müddət
ərzində erməni işğalı altında olub. Həmin dövrdə Azərbaycanın
qarşısında duran ən mühüm məsələ ərazi bütövlüyünün bərpası idi.
Ərazi bütövlüyünün bərpası üçün isə güclü ordu ən əsas şərtlərdən
biri idi. Cənab Prezident bu məsələyə xüsusi diqqət yetirirdi.
Aparılan məqsədyönlü siyasət nəticəsində Azərbaycan ordusu dünyanın
ən güclü 50 ordusu siralarına daxil olmağı bacardı. Bununla yanaşı
cənab Prezident İlham Əliyev beynəlxalq müstəvidə də mühüm işlər
apardı, Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin
diqqətinə çatdırdı, ən yüksək tribunalardan çıxışları zaman daim bu
məsələni diqqətdə saxladı.

Və nəhayət 2020-ci ildə Azərbaycan ən ali məqsədinə nail olmağı
bacardı.

44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi qüdrətli ordumuz erməni işğalına son
qoyaraq ərazi bütövlüyünü bərpa etdi. Bu zəfər Azərbaycan tarixində
yeni bir mərhələnin başlanğıcı oldu, ölkəmiz bu şanlı qələbəsi ilə
regionda yeni reallıqlar yaratdı və dünyaya yeni bir nümunə
gəstərdi, torpaqlarını öz gücü hesabına azad etdi, BMT
qətnamələrini özü yerinə yetirdi. Artıq bütün dünya Azərbaycanın
yaratdığı yeni reallıqları qəbul edir. Azərbaycan bütün bu
nailiyyətlərə cənab Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən
və milli maraqlara söykənən siyasəti nəticəsində nail olub”, – deyə
deputat əlavə edib.

Teqlər: