20 Yanvar: Faciə və qəhrəmanlıq tariximiz

Azərbaycan xalqının minilliklərlə ölçülən zəngin və şərəfli tarixində həm qəhrəmanlıq, həm də faciə səhifələri bir-birini əvəz etmiş, nəsildən-nəslə qan yaddaşı və genlərlə ötürülmüşdür. Tariximizin 20 Yanvar səhifəsinin unikallığı isə ondadır ki, o eyni vaxtda həm faciə, həm də qəhrəmanlııq nümunəsidir. Sözügedən reallıqdan çıxış edərək, qədirbilən oxuculara təqdim etdiyimiz bu yazıda məqsədimiz hər iki anlamı özündə birləşdirən 20 Yanvar hadisələrinə 31 illik zaman kəsiyindən nəzər yetirib, bir sira narahatedici suallara cavab axtarmaqdır. Onları aşağıdakı ardıcıllıqla təqdim edib, təhlilimizə başlayaq.

Birincisi, 20 Yanvar faciəsini şərtləndirən amillər hansılardır və onun qarşısını almaq nə dərəcədə mümkün idi?

20 Yanvar faciəsinə aparan yol, əsasən, 2 amillə şərtlənmişdir:

a) Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və SSRİ rəhbərliyinin ermənipərəst siyasəti

1988-ci ilin fevral ayından başlayaraq, 200 mindən artıq soydaşımızın Ermənistandan zor və işgəncə altında qovulmuş, təkcə 1989-cu ilin avqust-dekabr aylarında Ermənistan tərəfindən Azərbaycan sərhədlərinin 91 dəfə pozulması və atəşə tutulması nəticəsində 32 nəfər azərbaycanlı öldürülmüş, 166 nəfər yaralanmışdı.

Kreml bu vəziyyətdən nəticə çıxarıb, Ermənistanın qeyri-qanuni və antibəşəri hərəkətlərinə huquqi qiymət verib, günahkarları cəzalandırmaq əvəzinə, cinayətkarın şirnikləndirilməsi siyasətinə üstünlük verdi. Həmin qərəzli, məsuliyyətsiz və cinayətkar siyasətin bir neçə məqamına nəzər yetirək:

-1988-ci ilin mart ayında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti “Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında” qəbul etdiyi qərar əslində Dağlıq Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana birləşdirilməsi üçün münbit şəraiti təmin etməyə hesablanmış addım idi. Bu qərara əsasən, ilk növbədə Dağlıq Qarabağa müstəsna hüquq və səlahiyyətlər verilir, böyük maliyyə vəsaitləri ayrılır, vilayətlə bağlı mühüm məsələlərin həlli ittifaq nazirlikləri və strukturlarının səlahiyyətinə aid edilirdi.

-1989-cu il yanvarın 12-də SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarına əsasən, Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində xüsusi idarəetmə forması-Xüsusi İdarə Komitəsi yaradıldı. Sədri ermənipərəst məmur Arkadiy Volskiy təyin edildi. Bu addım faktiki olaraq Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılmasını təmin etmiş oldu.

– Rəsmi Moskvanın yuxarıda qeyd olunan addımlarındam ruhlanan və şirniklənən Ermənistan SSR-nin Ali Soveti 1989-ci il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar verdi.

Bu siyasət və onun nəticələri Azərbaycanda ermənipərəst SSRİ rəhbərliyi əleyhinə etimadsızlıq mühiti və ümumxalq etirazı dalğasının formalaşmasını təmin etdi.

b) Azərbaycan rəhbərliyinin qətiyyətsiz və antimilli siyasəti, Azərbaycan Xalq Cəbhəsinin timsalında müxalifətin təxribatçı addımları

Hadisələrin təhlili göstərir ki, Azərbayacan rəhbərliyi və müxalifəti həmin tarixi şəraitdə ümummilli maraqları şəxsi maraqların fövqünə qoymaq bacarığı nümayiş etdirə bilsəydi, antimilli və təxribatçı addımlar atmasaydı, rəsmi Moskvanın Azərbaycan xalqına qarşı qanlı ssenariləri həyata keçirmək imkanı mimimuma enə bilərdi. Zənnimizcə, məhz Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin 15 yanvar 1990-cı il tarixli qərarında “Müdafiə nazirliyi, hüquq-mühafizə və SSRİ-nin digər icra orqanlarından xahiş edirik ki, ölkə konstitusiyasının 81-ci maddəinə uyğun olaraq Azərbaycan SSR-ə müvafiq zəruri yardımı həyata keçirsin”,- şəklində ifadə olunmuş mövqe Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyini həm arxayınlaşdırmış, həm də Azərbaycan əleyhinə addımlarının radikallıq səviyyəsini daha da gücləndirmişdir. Xatırladaq ki, 1977-ci il 7 oktyabr tarixində qəbul edilmiş SSRİ Konstitusiyasının 81-ci maddəsinə görə, müttəfiq respublikaların suveren hüquqları SSRİ tərəfindən qorunmalıdır.

Bundan savayı, 1989-cu ilin sonlarında ölkəmizin bəzi rayonlarında Xalq Cəbhəsinin hakimiyyəti zorla ələ kecirməsi, Naxcıvanın İranla sərhədindəki tikanlı məftillərin sokulub atılması, Xalq Hərəkatının radikal qanadının Milli Mudafiə Şurası təşkil edərək nəzarəti öz əlinə alması, 1990-cı il уаnvarın 13-15-də Dovlət Təhlukəsizliyi Komitəsinin Sumqayıt ssenarisi əsasında “erməni talanları” torətməsi Moskvanın əlinə Azərbaycan xalqını cəzalandırmaq fursəti vermişdi.

İkincisi, Bakıya yeridilən qoşun hissələrinin hədsiz qəddarlığı nə ilə bağlı idi?

Əvvəla, qeyd edək ki, 1989-cu ilin sonlarınadək Bakı şəhərində 110 minlik silahlı qüvvə və hüquq-mühafizə orqanlarının şəxsi heyyəti var idi. Xüsusilə, Bakı qarnizonunun və Bakı Ümumqoşun Məktəbi zabitləri və əsgərlərinin Azərbayacan xalqına münasibəti heç bir halda düşmən münasibəti deyildi, əksinə daha çox loyallığı ilə fərqlənirdi. Onlar yerli əhalinin qonaqpərvərlyi və alicənablığını gündəlik həyatda görür və qiymətləndirirdilər. Başqa sözlə, “Görünən dağa nə bələdçi”. Təsadüfi deyildir ki, 20 yanvar hadisəsi öncəsi Bakı Ümumqoşun Məktəbinin zabit kollektivi adından SSRİ Ali Soveti sədrinin və ölkənin müdafiə nazirinin adına ünvanlamış məktubda xüsusi olaraq qeyd olunurdu ki, Bakıda vəziyyət Azərbaycan Xalq Cəbhəsinin nəzərəti altındadır və mövcud problemlərin həlli üçün siyasi tənzimləmə imkanları tükənməmişdir. Biz tam əminliklə deyirik: Bakıda ikinci Rumıniyanın baş verməsinə imkan verilməməlidir.” Mərkəzə belə mövqe lazım deyildi. Ona görə də, rəsmi Moskva Bakıda qanlı aksiyasını həyata keçirmək üçün bu qüvvələrə tam etibar etmirdi.

İstintaq muəyyən etmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ mudafiə və daxili işlər nazirliklərinin, habelə başqa xususi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən cox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana gondərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi quvvələrin, əməliyyatlara rəhbərlik etmək ucun Bakıya gələn 300-dən artıq yuksək rutbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika budcəsindən odənilirdi.

Həmin hərbi qüvvələr üzərində xüsusi psixoloji sınaqların keçirildiyi haqqında təkzibedilməz faktlar vardır. Onlara belə bir dezinformasiya təlqin olunurdu:

-Yerli əhali-azərbaycanlılar rusları qırmağa hazırlaşırlar və siz müqəddəs bir vəzifəni-rusları və bütünlükdə şəhərin xristian əhalisini labüd fəlakətdən xilas etməlisiz.

-Salyan kazarması ətrafında və evlərin damlarında snayperlər yerləşdirilmişdir və hədəflərində yalnız siz olacaqsınız. Ona görə də özünümüdafiə instinktindən çıxış edərək patronlarınıza heyfiniz gəlməsin.

-Azərbaycan Xalq Cəbhəsinin hərbi dəstələri şəhərin strateji nöqtələrində yerləşdirilmişdir və onların amansız müqavimət göstərəcəklərini nəzərə alıb, qətiyyət və adekvat qəddarlıq nümayş etdirin.

-Müqavimət göstərən tərəfin milisin, sovet ordusunun və ya daxili qoşunların geyimində də olması mümkündür və bu reallığı nəzərə alıb, onları davamlı atəş hədəfinə çevirməyi bacarmalısiniz.

Bir sözlə, SSRİ rəhbərliyinin “xeyir-duası” ilə 66 minlik qoşun hissələri, xüsusilə erməni mənşəli əsgər və zabitlər, eyni zamnada həbsxanadan məlum məqsəd naminə azadlığa buraxılmış məhbuslar Bakıda hər cür vəhşiliklər törətməyə psixoloji baxımdan tam hazırlamış və nəticədə 147 insanın qətlinə, 744 nəfərin ağır xəsarət almasına, 841 nəfərın qanunsuz olaraq həbs edilməsinə, 200 mənzil, ev, şəxsi və dövlət əmlakının dağıdılmasına rəvac verən bəşəri cinayət törədilmişdir.

Üçüncüsü, SSRİ rəhbərliyinin törətdiyi 20 Yanvar faciəsində dünyanın digər fövqəldövləti olan ABŞ-ın üzərinə hansı məsuliyyət düşür?

ABŞ-da 1994-2001-ci illərdə Dövlət katibinin müavini işləmiş Stroub Telbotun həmmüəllifi olduğu “Ən yüksək səviyyədə” adlı kitabda qeyd olunur ki, 1989-cu il dekabrın 24-də ABŞ-ın Dövlət katibi Ceyms Beyker ölkəsinin Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Cek Motlak vasitəsilə SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadzeyə məlumat çatdırır ki, əgər sovet qoşunları Rumıniyaya ölkədaxili sabitliyin bərpası naminə müdaxilə edərsə, ABŞ bu insidenti etirazla qarşılamayacaqdır. Eduard Şevardnadze cavabında bildirir ki, ABŞ SSRİ-ni hərbi avantüraya cəlb etmək istəyir və bununla da özünün Panamaya olan müdaxiləsinə haqq qazandırmağa çalışır. SSRİ-nin xarici işlər naziri qeyd edir ki, ölkəsi prinsip etibarilə yeni xarici siyasət kursunu həyata keçirir. Bu kursa görə, SSRİ daha sosialist ölkələrinin daxili işlərinə qarışmayacaqdır. Bu mövqedən göründüyü kimi, söhbət yalnız sosialist ölkələrindən gedirdi, sovet respublikalarından yox. Deməli, Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyi ABŞ-ın Rumıniya ilə bağlı məlum mövqeyindən bir sıra nəticələr çıxardı. İlk nəticə isə ondan ibarət oldu ki, sovet qoşunlarını Aərbaycan xalqının müstəqillik mücadiləsinə qarşı Bakıya yeridəcəyi təqdirdə ABŞ-ın etirazı olmayacaqdır. Rəsmi Moskva həm də onun fərqində idi ki, ABŞ-ın güclü erməni lobbisi və diasporu da Rəsmi Vaşınqtonun Bakı qırgınına qarşı laqeyid mövqeyinin formalaşmasında öz rolunu oynayacaqdır. Taktiki baxımdan belə qiymətləndirmədə Moskva yanılmamışdı. ABŞ 20 Yanvar faciəsini olduqca soyuqqanlı qarşıladı. “Sem dayı” Rumıniya hadisələri fonunda davranışı ilə SSRİ-nin Bakı avantürasına dolayısı ilə “yaşıl işıq” yandırdığının fərqində idi. Həm də fərqində idi ki, belə avantüralar əzəli rəqibi və düşməni olan SSRİ-nin məhvinin tarixi “X” anını son dərəcə yaxınlaşdırmağa xidmət göstərir. ABŞ yanılmamışdı. 20 yanvar faciəsi SSRİ-nin sonunun başlanğıcını şərtləndirən proseslərin katalizatoru oldu.

Dördüncüsü, 20 yanvar bəşəri cinayətinə olkədaxili və beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi vəziyyəti və onun perspektivlərini necə dəyərləndirmək olar?

20 Yanvar faciəsinə dovlət səviyyəsində tam siyasi-huquqi qiymət verilməsi məsələsi umummilli lider Heydər Əliyevin sayəsində həllini tapmışdır. Yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda yayıldı və geniş siyasi rezonans doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı yandı.

1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edildi. Naxçıvan Ali Məclisində qəbul edilmiş və 20 Yanvar faciəsinə ilk siyasi-hüquqi qiymət verən, eyni zamanda Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi respublika rəhbərliyindən tələb edilirdi. Ölkəmiz müstəqillik qazandıqdan sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsil həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı.

Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ilin 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsil mahiyyəti açıqlandı.1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsil mahiyyətini xalqa bəyan etməmişlər”.

Ulu öndər Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Ümummilli lider Heydər Əliyev tərəfindən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət və qayğı göstərilmişdir. Hələ ötən əsrin 90-cı illərində ulu öndərin müvafiq Fərmanına əsasən, “20 Yanvar şəhidi” fəxri adı təsis edilərək, 20 Yanvar şəhidlərinin ailələrinin və 1990-cı ilin yanvar hadisələri zamanı əlil olmuş insanların dövlət qayğısı ilə əhatə olunması üçün mühüm işlərə başlanılmışdır.

“1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar”,-deyən .Prezident İlham Əliyev tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda bu faciə ilə bağlı əlilliyi olan şəslərin sosial müdafiə sisteminin formalaşdırılması istiamətində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin dekabrın 31-də “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 yanvar tarixli 350 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” imzaladığı fərmana əsasən, 1990-cı ilin yanvar faciəsi zamanı şəhid olmuş hər bir şəxsin ailəsinə təsis edilmiş aylıq “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği 300 manatdan 500 manata qaldırılmışdır. İndiyədək bu təqaüdün məbləğı 300 manat olmuşdur. Bu fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minmişdir.

Bundan savayı, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında edilmiş dəyişiklikliyə əsasən təqaüdün aylıq məbləği aşağıdakı kimi müəyyən edilmişdir:

I qrup əlillərə – 400 manat;

II qrup əlillərə – 350 manat;

III qrup əlillərə – 300 manat

Artımların 2021-ci il yanvarın 1-dən etibarən tətbiqinə başlanılmışdır.

Digər tərəfdən, əmək pensiyası təyin edilmiş şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanır. 20 Yanvar şəhidlərinin əmək pensiyası almaq hüququ olmayan ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə, 20 Yanvar əlillərinin 16 yaşınadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar 18 yaşınadək) uşaqlarının hər birinə aylıq sosial müavinətlər də verilir.

Prezident İlham Əliyevin18 mart 2014-cü il tarixli Sərəncamı ilə digər müvafiq kateqoriyalardan olanlar kimi, 20 Yanvar əlilləri və şəhidlərinin də ölkənin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqları təhsil haqqından azad olunumuşlar

Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir ünvan vardır. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır.

Hər il ölkəmizdə və xaricdə 20 Yanvar faciəsinin ildönümləri ilə bağlı silsilə anım tədbirləri keçirilir.

Sonda təəsüf hissi ilə qeyd edək ki, bu bəşəri cinayətə hələ də beynəlxalq aləmdə lazımı siyasi-hüquqi qiymət verilməmişdir. 20 yanvar faciəsinin günahkarları: SSRİ-nin birinci və sonuncu prezidenti M.Qorbaçov, Bakıda qətliam törədən ordunun fəaliyyətinə birbaşa rəhbərliyi həyata keçirən Primakov, müdafiə naziri Yazov, SSRİ MK-nın katibi Girienko, SSRİ MK-nın millətlərarası münasibətlər şöbəsinin müdir müavini Mixaylov, daxili işlər naziri Bakatin, habelə Ə.Vəzirov başda olmaqla Azərbaycan rəhbərliyi hələ də beynəlxalq məhkəmə qarşısında mühakimə olunub, layiqli cəzalarını almamışlar. Bu məqamda qeyd edək ki, sabiq SSRİ prezidenti M.Qorbaçov 1995-ci ilin aprel ayında Türkiyədə səfərdə olarkən 1990-cı il yanvar qırğınından bəhs edib, “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımda ən böyük səhvim idi”,- deyərək öz günahını etiraf etmişdir. Bu etiraf heç bir halda onu məsuliyyətdən azad etmir.

Onu da qeyd edək ki, SSRİ Baş Prokurorluğunun ədliyyə polkovniki V.Medvedyevin rəhbərliyi ilə təşkil etdiyi istintaq qrupu cinayət hadisələrinin araşdırılmasını cox səthi aparmış, istintaq hərbcilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlmişdi. 20 iyul 1990-cı il tarixdə cinayət işinin xitam olunması barədə qərar qəbul olunmuş, cinayət işinin materialları Moskvaya aparılmışdı. Təəssuf ki, həmin vaxt Azərbaycan Respublikası Prokurorluğu torədilmiş cinayət hadisələri ilə bağlı hec bir cinayət işi başlamamışdı.

Zaman kecdikcə bir sıra həqiqətlər meydana cıxır, 20 Yanvar faciəsinin qaranlıq məqamları aydın olur. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya, kecmiş SSRİ Prokurorluğuna aparılmışdır və indiyədək qaytarılmayıb. Bir sıra sənədlərin, o cumlədən kecmiş SSRİ-nin yuksək instansiyalarında, xususən də hazırda Rusiya Federasiyası Prokurorluğunda saxlanılan 68 cildlik cinayət işinin materiallarının əldə edilməsi 20 Yanvar faciəsinin miqyasını və baiskarlarının məsuliyyət dərəcəsini tam dəqiqliklə uzə cıxara bilər.

Beynəlxalq birlik isə hələ də bu ədalətsizliyə dözür. Buna baxmayaraq, inanırıq ki, Azərbaycan xalqının qanına əli batmış bu cinayətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar. Əminliyimizin ciddi əsasları vardır. Son 31-ildə ilk dəfədir ki, 20 Yanvar faciəsinin növbəti ildönümünü yeni tarixi reallıqda-xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində tarixi zəfərə imza atdığı bir zamanda qeyd edirik. O tarixi qələbə ki, bütün şəhidlərimizin ruhunu şad etmişdir. O, qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı, Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə işğal altındakı bütün ərazilərimizi öz əbədi sahibinə-Azərbaycan xalqına qaytaramışdır.

Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!

Allah Şəhidlərimizə rəhmət eləsin!

Elman Nəsirov

Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, professor

Teqlər: