20 manatlıq pul əsginası yenilənib (FOTO)

“Qarabağ” mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, beynəlxalq təcrübədə pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizənin gücləndirilməsi, ən son texnologiya və innovasiyaların tətbiqi və insanların məmnunluğunun təmin edilməsi məqsədilə mərkəzi banklar tərəfindən dövri olaraq pul nişanlarının dizaynında və mühafizə sistemlərində yenilənmələr aparılır.

Azərbaycan Mərkəzi Bankı da beynəlxalq təcrübəni nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinin qərarları əsasında pul nişanları sahəsində ən son innovasiyaların, nano və mikro texnologiyaların tətbiqi ilə milli pul nişanlarımızın mövcud konsepsiya çərçivəsində yenilənməsi proseslərinə başlamış və bu çərçivədə cari ilin əvvəlindən yenilənmiş 1, 5 və 50 manatlıq pul nişanları tədavülə buraxılıb.

Proseslərin davamı olaraq, “Qarabağ” mövzusuna həsr olunan 20 manatlıq pul nişanının mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib.

Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və mütərəqqi mühafizə sistemlərinə malik 20 manatlıq pul nişanının 10 fevral 2022-ci il tarixdən tədavülə buraxılmasını elan edir.

Yenilənmiş 20 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Eyni zamanda, Mərkəzi Bank tərəfindən 20 qəpiklik metal pul nişanının dizaynı yenilənərək tədavülə buraxılmışdır. Belə ki, yenilənmiş 20 qəpiklik üzərində Dövlət Gerbi və istehsal ili əlavə olunmuşdur. Yenilənmiş 20 qəpiklik pul nişanının texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz olaraq saxlanılıb.

Bildiririk ki, yenilənmiş 20 manatlıq kağız pul nişanı və 20 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcəkdir.

Teqlər: