20 avqustdan bütün məhkəmə işləri bərpa olunur

20 avqustdan bütün məhkəmə işləri bərpa olunur

Ali Məhkəmə avqustun 20-dən etibarən sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyi Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərinin və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarının inzibati ərazisində fəaliyyət göstərən məhkəmələrdə bütün işlərin qəbulu və baxılması tam şəkildə bərpa olunmasına qərar verib.

Ali Məhkəmə Azərbaycanın bütün məhkəmələrinə aşağıdakı tövsiyələri irəli sürüb:

– Hakimlərin və məhkəmə aparatı işçilərinin iş rejimi ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrindən irəli gələn digər zəruri məsələlər həll olunsun;

– Vətəndaşların qəbulu dayandırıldığından qəbul yalnız telefon, mobil və internet rabitəsi vasitəsi ilə həyata keçirilsin;

– Məhkəmə fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunan zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara uyğun həyata keçirilsin.

– Hakimlərin, məhkəmə aparatı işçilərinin və vətəndaşların məhkəmə binalarında olduqları müddət ərzində qoruyucu maskalardan istifadə etmələri, şəxsi gigiyena, tibbi-profilaktik qaydalara, eləcə də sosial məsafəyə riayət etmələri təmin olunsun.

– Məhkəmələrin inzibati binalarında mütəmadi olaraq dezinfeksiya işləri aparılsın və qoruyucu-gigiyenik vasitələrlə təchiz edilsin.