Xəbər - Samir Əli -Trend:
Zəfər günü ilə bağlı elan olunmuş Amnistiya aktına əsasən Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.
O bildirib ki, həmin şəxslərə Amnitsiya aktı tətbiq edilib və cəzalarının çəkilməmiş hissəsindən azad ediliblər:
“Onlardan 6 nəfəri azadlığa buraxılır, bir nəfər isə narkomaniya ilə mübarizə çərçivəsində cəlb olunduğu müalicə prosesi bitdikdən sonra azadlığa buraxılacaq”.
Qeyd edək ki, noyabrın 5-də Milli Məclis Zəfər Günü ilə bağlı amnistiya elan edilməsi haqqında qanun layihəsini təsdiqləyib. Qərar qəbul edilən gündən qüvvəyə minib.
İndiyə qədər akt 1787 şəxsə şamil edilib. Amnistiya aktının ümumilikdə 15 min nəfərə şamil olunması gözlənilir.