2 milyon manatlıq oğurluqda təqsirləndirilən şəxslərə hökm oxundu

Bakıda evlərdən 2 milyon manatlıq oğurluq etməkdə
təqsirləndirilən Cavid Süleymanov və Əhməd Əhmədova hökm
oxunub.

Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim
Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib ki,
C.Süleymanov 9 il və Ə.Əhmədov 8 il müddətinə azadlıqdan məhrum
olunub.

Hökmə əsasən, zərərçəkmişlərə dəymiş 196 min manat mülki iddia
təmin edilib.

Xatırladaq ki, prokuror C.Süleymanovun 9 il 6 ay, Ə.Əhmədovun
isə 9 il azadlıqdan məhrum edilməsini istəmişdi.

İttihama görə, hər iki şəxs Səhiyyə Nazirliyinin sabiq baş
infeksionisti, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər
kafedrasının müdiri Cəlal İsayev və Azərbaycan millisinin keçmiş
yarımmüdafiəçisi Ceyhun Sultanovun da mənzilini qarət edib.

Daxili İşlər Nazirliyinin mayın 20-də yaydığı məlumata əsasən,
paytaxtın Xətai rayonunda çoxmərtəbəli binalardan birinin 18-ci
mərtəbəsində yerləşən mənzildən oğurluq edilib.

Bildirilib ki, naməlum şəxs evə daxil olaraq oradan 7 min manat,
3 min ABŞ dolları nağd pul və dəyəri 150 min manat olan qızıl-zinət
əşyalarını oğurlayıb. Hadisə barədə məlumat daxil olan kimi, dərhal
Xətai Rayon Polis İdarəsi və 37-ci Polis Şöbəsinin əməkdaşları
tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Hadisə
yerində zəruri istintaq hərəkətləri icra edilib.

Qısa zamanda “isti” izlərlə həyata keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli
bilinən paytaxt sakinləri C.Süleymanov və Ə.Əhmədov oğurladıqları
maddi sübutlar olan qızıl-zinət əşyaları ilə birgə
saxlanılıblar.

Onların ətraflarında həyata keçirilən zəruri-istintaq
hərəkətləri zamanı müəyyən edilib ki, C.Süleymanov və Ə.Əhmədov bir
müddətdir ki, paytaxtın Nəsimi, Yasamal, Səbail, Nərimanov və digər
rayonlarında onlarla çoxmərtəbəli binalarda yerləşən mənzillərdən
oğurluqlar ediblər.

C.Süleymanov oğurluq edən zaman əldə etdiyi qızıl-zinət
əşyalarını isə yaşadığı evə gətirərək orada yaratdığı zərgərlik
emalatxanasında əridib. Daha sonra əritdiyi qızıllardan yeni model
zərgərlik nümunələri düzəldərək paytaxtın müxtəlif nöqtələrindəki
qızıl qəbulu yerlərinə satıb. C.Süleymanov ifadəsində oğurluq
edəcəyi mənzilə ancaq istirahət və bayram günlərində, yəni ev
sahiblərinin mənzildə olmadığını qətiləşdirəndən sonra daxil
olduğunu bildirib.

Qeyd edək ki, C.Süleymanov oğurluqlar edən zaman onunla eyni
vaxtda saxlanılan Əhməd Əhmədov həmin binaların yaxınlığında olub
və ətrafda baş verən hər hansı şübhəli hərəkətlər barəsində ona
məlumat ötürürmüş. Dəstə üzvlərinin törətdiyi oğurluq hadisələri
zamanı zərərçəkənlərə təxminən 2 milyon manata yaxın maddi ziyan
vurduqları müəyyən edilib.

Faktlarla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi
başlanılıb.

Teqlər: