2.2 min kredit götürüb, 45 min ödəyib, yenə borcludur

2.2 min kredit götürüb, 45 min ödəyib, yenə borcludur

2016-cı il tarixində qızıl girovu müqabilində Bakı şəhərində fəaliyyət göstərən lombardların birindən 2.200 manat pul götürən Camal Qaraxan oğlu Sadıqov 8 ildə ümumilikdə 45 min manat ödədiyini, ancaq hələ də borclu qaldığını bildirir.

Bu barədə AzerTimes-a Camal Sadıqov özü deyib.

O bildirib ki, müxtəlif səbəblərdən götürdüyü pulu vaxtında ödəyə bilməyib, ona görə də lombardları dəyişdirib:

“Sonuncu dəfə 3 il əvvəl krediti “Qarant” kredit təşkilatına yönəltmiş, bu təşkilata ümumilikdə 8.741 manat ödəyərək 06.04.2024-cü il tarixdə krediti tam olaraq bağlamışam. Lakin 2 ay vaxt keçməsinə baxmayaraq, çoxlu sayda müraciətlər etsəm də, əsassız bəhanələr gətirməklə girov qoyduğum qızılı qaytarmaqdan imtina edirlər”.

Onun iddiasına görə, krediti tam olaraq ödəyib, ancaq “Qarant”dan əvvəlcə 2700 manat, sonradan isə 1051 manat faiz borcunun qaldığı bildirilib. Həmçinin o, müqavilənin 3 dəfə dəyişdirilərək, ümumilikdə 2.000 manat pulunun mənimsənilməsindən də narazılıq edib.

İddiaçı “Qarant”ın Tural və Aqil adlı əməkdaşlarının ona qarşı haqsızlıq etdiyini də vurğulayıb.

Məsələ ilə bağlı “Qarant”ın soyadını deməkdən imtina edən Aqil adlı əməkdaşı saytımıza açıqlamasında şikayətçinin iddialarının doğru olmadığını iddia edib:

“Həmin müştəri ödənişi kifayət qədər gecikdirib, buna görə də gecikmə borcları yaranıb. Borcu haqqında bütün rəsmi məlumatlar özünə təqdim olunub. Sonuncu dəfə istədiyi rəsmi məktub da poçt vasitəsi ilə ona göndərilib. Təklif də etmişəm ki, dələduzluq faktı varsa, məhkəməyə müraciət etsin”.

Teqlər: