1993-də dövlətimiz, 2021-də gələcəyimiz qarant altına alındı

1993-də dövlətimiz, 2021-də gələcəyimiz qarant altına alındı

Real TV-nin “Real İntervü” proqramı bugünkü buraxılışını 15 İyun Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının ildönümünə həsr olunub.

AzerTimes xəbər verir ki, verilişin qonağı, “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal 15 iyun 1993-cü ilin Azərbaycan tarixində sözün tam mənasında dönüş nöqtəsi olması barəsində danışıb.

O bildirib ki, Heydər Əliyev hakimiyyətə dövlətimizin parçalanma, məhv olma təhlükəsi qarşısında qaldığı, xalqın sabaha ümidinin olmadığı bir vaxtda və məhz xalqın yeganə ümid yeri kimi gəldi.

“Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə Qarabağın işğaldan azad edilməsi üçün bütün tədbirləri görürdü. Təxminən bir il öncə Şuşa şəhərində Heydər Əliyev Fondunun ərsəyə gətirdiyi “İz” filminə baxdıq. “İz” – Heydər Əliyevin Qarabağla bağlı fəaliyyətini əks etdirən, tarixi fakt və sənədlərin üzərində qurulmuş qiymətli ekran əsəridir. Heydər Əliyevin bütün fəaliyyətini Azərbaycan xalqının işğal altındakı torpaqlara qayıdışı üzərində qurduğu o filmdəki xronologiyadan çox aydın görünür. Hazırda nail olduqlarımız Heydər Əliyevin misilsiz fəaliyyətinin məntiqi nəticəsidir və təsadüfi deyil ki, bunu Heydər Əliyevin siyasi varisi İlham Əliyev həyata keçirdi və tamamladı, Azərbaycanı 200 illik uğursuzluq zolağından çıxararaq, regionun lider dövlətinə çevirdi”, – Aynur Camal qeyd edib.

Aynur Camal Şuşa Bəyannaməsinin də 15 iyun günü imzalandığına vurğu edərək, bunun da təsadüfi olmadığını vurğulayıb. O, 1921-ci il Qars sazişini xatırladaraq, Naxçıvanın təhlükəsizliyinin Türkiyənin zəmanəti altında olmasının ölkəmizin ən ağır illərində, 90-cı illərin əvvəllərində muxtar respublikanı böyük bəlalardan və faktiki işğaldan qoruduğunu yada salıb. Qars müqaviləsindən tam 100 il sonra və məhz Qurtuluş Günündə imzalanan Şuşa Bəyannaməsinin isə bütövlükdə Azərbaycanın suverenliyi və müstəqilliyinin qarantı olduğunu qeyd edib.

Politoloq bildirib ki, Azərbaycan NATO-nun ikinci ən qüdrətli ordusu – Türkiyə ordusunun modelini tətbiq edib və bu proses artıq tamamlanıb. Digər tərəfdən, Türkiyə və Azərbaycanın bir-birinin ərazisinə hücumu öz ərazisinə hücum kimi qəbul etməsi və bunu sənədləşdirməsi türk dövlətləri üçün böyük nümunədir:

“Şuşa Bəyannaməsi Azərbaycanın regional güc kimi çıxış etməsi imkanlarını da genişləndirir. Regionda son proseslərə baxın: ABŞ Dövlət katibi Blinkenin müavinlərinin Ermənistana ardıcıl səfərləri, tələb və təklifləri, daxildəki çalxalanmalar, toqquşmalar, o cümlədən Gürcüstanda yaşananlar, adi bir qanuna görə ona elə Qərbdən edilən təzyiqlər və sairi göz önünə gətirin. Bütün bu təzyiqlərdən Azərbaycan sığortalanıb, artıq Azərbaycan regional oyunçu kimi qəbul edilir və bunun da səbəbi həm də Türkiyə ilə strateji müttəfiqliyimiz, Şuşa Bəyannaməsi kimi sazişin ortada olmasıdır”.

A.Camal onu da vurğulayıb ki, 1993-cü ilin 15 iyununda Heydər Əliyevin gəlişi ilə Azərbaycan dövlət kimi varlığının qarantını aldısa, parçalanmaqdan, bölünməkdən, dövlət kimi yox olmaqdan xilas edildisə, 2021-ci il 15 iyunda isə artıq torpaqlarını işğaldan azad edən güclü, qüdrətli Azərbaycan gələcəyini qarant altına aldı.

Daha ətraflı videoda:

Teqlər: