198 ölkə arasında 195-ci yerdəyik: AQTA-nın günahıdır

198 ölkə arasında 195-ci yerdəyik: AQTA-nın günahıdır

İstənilən dönərxananın divarlarında dönər üçün istifadə edilən ətin mənbəyini göstərən zəmanət kağızları asılıb. Lakin heç kəs sübut edə bilməz ki, o kağız orda hazırlanan dönərə aiddir, ya yox. Həmin kağızlar qanuni dönər istehsal olunan yerlərdən əldə edilir, məsələ də araşdırılmamış qalır.

Bu sözləri AzerTimes-a Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Bakıda fəaliyyət göstərən dönərxanalarda istehlakçıların hüquqlarının pozulması hallarının artmasından danışarkən deyib.

Ölü heyvan əti satanların da nəzarətsiz qaldığını deyən Eyyub Hüseynov ucuz dönərlərin belə ətlərdən hazırlandığını bildirib.

“Leş yığanlar mafiyası ölkədə hələ də fəaliyyət göstərir. 26 ildir Azad İstehlakçılar Birliyi bunları təqib edir, dövlət orqanları nəzarət edir. Ən uğurlu işi DİN-in Mütəşəkkil Cinayətlərə qarşı Mübarizə Baş İdarəsi görür. Onlar digər dövlət qurumları kimi cərimə etmirlər, tuturlar. Lakin məhkəmələr çox az müddətdən sonra “Leş Tofiq” kimi, digərlərinə də bəraət verib buraxırlar. Təcrübə göstərir ki, onlar yenidən bu işlə məşğul olurlar. İllərdir ki, “leş mafiyası”nın qarşısı alınmır. Adını çəkdiyim qurum məsələni xüsusi nəzarətə götürməlidir. Ancaq onlar bunun öhdəsindən gələ bilər. 1 manata, manat yarıma olan dönərlər, istisna olunmur ki, o cür ətlərdən hazırlanır. Dönərxanalar insanları, xüsusilə gəncləri tədrici zəhərlənməyə aparan, ömürlərini qısaldan bir şəbəkədir. Buna son qoyulmalıdır”.

Qurum sədri məsələnin illərdir həllini tapmamasında Qida Təhlükəsizliyi Agentliyini də məsul görüb:

“Qida Təhlükəsizliyi Agentliyinin işi zəruri olsa da kafi deyil. İki il ərzində onların üzdə olan işlərini görmüşük: kəllə qəndlərin tərkibinə vurulan kimyəvi maddələrin qarşısının alınması və sular. Qalan məsələlərdə onların işi amorfdur, gözə görünmür. Agentliyin işini o zaman yaxşı qiymətləndirəcəm ki, azərbaycanlılar beynəlxalq uzunömürlülər siyahısında lazımı səviyyəyə qalxsın. Bu siyahıda 198 ölkə arasında 195-ci yerdəyik, üçüncü dünya ölkələri olan Banqladeş, Şri-Lanka bizdən öndədir”.

Qida təhlükəsizliyinin lazımi səviyyədə təmin edilmədiyini deyən Eyyub Hüseynov ölkəmizdə qidadan zəhərlənmə hallarının gizlədildiyinə də diqqət çəkib:

“Ölənlərin sayı olduqca böyük rəqəmlərdir və gizlədilir. Yəni bu işlərin hamısının qarşısı alınmalıdır ki, Azərbaycanda qidanın təhlükəsizliyi təmin olunsun. İnsanlar apteklərdən, həkim qəbulundan yığışsın. Bu problem ölkədə hələ də qalır. İnsanlar dönərxanada qəbul etdiyi qidanı görməklə hiss edə bilməz ki, yediyi hansı ətdir. Dönərçilər işlərini bilir və onu elə dəyişlər ki, istehlakçılar bunu anlamır. Problem Qida Təhlükəsizliyi Agentliyinin boynunda qalan məsələdir”.

Teqlər: