192 şəhid verməyimizin səbəbi… – Hərbi ekspert

192 şəhid verməyimizin səbəbi… – Hərbi ekspert

2023-cü il sentyabrın 20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri heç də 3-5 erməni quldura deyil, müasir texnika və silah-sursata malik, şəxsi heyəti minlərlə ölçülən, döyüş təcrübəsi olan Ermənistan silahlı qüvvələrinin birləşmələrinə qarşı həyata keçirildi. Üstəlik, onlar uzun illərdir əlverişli müdafiə xətti qurub, yüksəklilərdə yerləşərək üstün mövqelərə malik olmuşdular.

Bu sözləri AzerTimes-a hərbi ekspert Ədalət Verdiyev Qarabağda keçirilən antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 şəhid verməsi haqda danışarkən deyib.

Hərbi ekspert bildirib ki, döyüş şəraiti, ərazinin yerləşdiyi mövqe də nəzərə alınmalıdır:

“Əməliyyatın keçirildiyi coğrafi ərazi və iqlim şəraiti mürəkkəb idi. Məsəfalərdən düşmən atəş açır, top, minatandan zərbələr endirirdi. Bunu 5-10 km uzaqlıqda məsafədən atəş açmaqla həyata keçirirdi. Hər hansı tələdən söz gedə bilməz. Düşmənin qoyub getdiyi anbarların tərkibindəki arsenala diqqət etsəniz, ərazilərimizə nə qədər böyük miqdarda silah-sursat yerləşdirildiyinin şahidi olarıq”.

Hücumda olan ordunun müdafiədə olan ordudan daha çox itki verdiyini deyən hərbi ekspert bildirib ki, buna baxmayaraq, müdafiədə olan Ermənistan ordusu iki dəfədən çox hərbçi itirib, bütün texnikası məhv edilib:

“Azərbaycan tərəfindən bu, müharibə deyil, antiterror tədbiri idi. Terrorçular da istənilən ərazidə, istənilən şərtlər altında, mülki, hərbi şəxslərin həyatına qiymət vermədən, kifayət qədər atəş sıxlığı yarada bilmişdilər. Bizim üçün şəhid vermək olduca ağrılı hadisədir. 3 il gözlədik, amma əfsuslar olsun ki, erməni terrorçular ərazimizi boşaltmadılar. Məcbur qalıb antiterror tədbirlərini həyata keçirdik. Qarşımızda ermənilərin çox möhkəm silahlanmış, kifayət qədər müasir imkanlara malik, təlim keçmiş minlərlə silahlı qüvvələri var idi. Onları itkisiz ərazimizdən qovmaq, terror yuvalarını azad etmək mümkün deyildi. Əldə etdiyimiz nəticələr şəhidlərimizin sayəsində mümkün oldu. Şəhidlərimizin sayəsində bu torpaqları azad etdik. Millətlər var ki, on minlərlə itkiləri var, lakin ərazilərini düşməndən azad edə bilməyib. Bu gün Ukraynada olan itkilər yüzminlərlədir. Lakin hələ də əraziləri işğal altındadır. Eləcə də Gürcüstan”.

Teqlər: