19 yaşlı azərbaycanlının qatilinin azadlığa buraxılması Rusiya hüquq sistemində ciddi problemlərin olmasının göstəricisidir – ŞƏRH

Xəbər - Elçin Mehdiyev – Trend:

Rusiyada, Novosibirsk yaxınlığında heç bir tutarlı səbəb olmadan 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi qətlə yetirən yol polis müfəttişi azadlığa buraxılıb. Beləliklə, bir neçə gün öncə Rusiya polisinin qəddarlığından sarsılan insanlar bu dəfə Rusiya hüquq sisteminin hüquqi nihilizmin dibinə yuvarlandığının, qəbul edilən qərarların təməlində hüququn aliliyinin deyil, iriq və milli ayrı-seçkiliyin dayandığının şahidi olublar. Və təəccüblənməyiblər. Bunu AzerTimes-a siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, çünki bu, Rusiyada azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanlarının və məhkəmələri tərəfindən nümayiş etdirilən ilk hüquqa zidd davranış deyil:

“Onlarla polis əməkdaşının silahsız və çəlimsiz bir azərbaycanlının üzərinə yürüyərək, sanki dişinə qədər silahlanmış terorçulardan ibarət qrupu zərərsizləşdirilərmiş kimi ikrah doğuran davranışlarını da görmüşük. Və bütün bunlardan sonra utanmadan “zabit şərəfi”ndən danışdıqlarını da… Bu da təbiidir, özündə olmayan keyfiyyətlər haqqında gərək uzun-uzadı danışasan ki, bəlkə kimdə inandı.

Əks təqdirdə nümunə göstərməlisən, nümunə isə yoxdur.

Vəkil Abdullayevin qətlində qəzəb və aqressiya motivləri vardı… Bunu görməmək mümkün deyil. Adətən Rusiya telekanallarının miskin təbliğatçıları ABŞ polisinin qara dərili Amerika vətəndaşını qətlə yetirməsini bəzən həftələrlə müzakirə edirlər. Solovyovun bayquşlarının dilləri çənələrinə dəyir, gözləri hədəqədən çıxır. Amma Rusiya polisinin amerikalı həmkarlarından daha amansız və daha şərəfsiz davranışından bir kəlmə də danışmadılar. Susdular.
Rusiyada irqçi zəmində sərgilənən davranışlar və qəbul edilən qərarlar ilk növbədə bu ölkənin özünün təhlükəsiliyi üçün çöx böyük təhdidlər yaradır. Rusiya çoxmillətli dövlətdir, federasiyadır və hüququn irqçi, ultramillətçi təfəkkürə yenilməsi kifayət qədər ağır və onillər boyu tənzimlənməsi mümkün olmayan problemlərə yol aça bilər”.
E.Mirzəbəyli bildirib ki, baş verən bu cinayətin fonunda qatil polisin azadlığa buraxılması ilə yanaşı, narahatlıq doğuran başqa məqamlar da var:

“Məsələn, “Russia Today” telekanalının əməkdaşı, Rusiya Federasiyası İctimai Palatasının üzvü və Vahid Rusiya partiyasından Dövlət Dumasına namizədliyi irəli sürülmüş Mariya Butina kimi şəxslərin qatil polisə açıq-aşkar dəstək vermələri və cinayətkarın azadlığa buraxılmasını tələb etmələri çoxmillətli, çoxkonfessiyalı bir dövlət olan Rusiyada irqçi düşüncənin ön plana çıxdığını, hətta rus xalqının adından danışacaq qədər iddialı olduqlarını nümayiş etdirir. Bu isə, ötən əsrin 90-cı illərində Rusiyaya çox böyük fəlakətlər gətirmiş “velikorus şovinizmi”nin yenidən çiçəklənməsi üçün münbit şəraitin yaradılması deməkdir. Mariya Butina kimilərinin Rusiya parlamentində təmsil olunması qanunverici orqana, parlamentarizmə hörmətsizliyin ən böyük nümunəsidir. Hətta Konstantin Zatulindən daha iyrənc, daha çox ikrah doğuran nümunəsi…

Onu da qeyd edim ki, polis tərəfindən amansızlıqla qətlə yetirilən Vəkil Abdullayev Gürcüstan vətəndaşıdır. Amma baş verən qətl hadisəsi ilə bağlı rəsmi Tiflisin etirazı hələ də nəzərə çarpmır. Ən adi, sıradanbir hadisə ilə bağlı beynəlxalq təşkilatlar qarşısında vəsatət qaldıran Gürcüstan hökuməti, bu ölkənin hüquq müdafiəçiləri baş verənləri görməzdən gəlirlər. Maraqlıdır, görəsən rəsmi Tiflisin laqeyidliyində Vəkil Abdullayevin azərbaycanlı olması rol oynayıbmı? Gürcüstan tərəfindən beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılacaqmı? Bu sual təəssüf ki, hələlik açıq qalır”.

Teqlər: