İyunun sonunda Yer kürəsinin sakinləri beş planetin paradını adi gözlə görə biləcəklər. Yerlilər belə bir hadisəni sonuncu dəfə 2004-cü ilin dekabrında müşahidə ediblər.
AzerTimes xəbər verir ki, iyunun 24-də günəş doğmadan təxminən bir saat əvvəl Merkuri, Venera, Mars, Yupiter, Saturn səmada düzüləcək. Planetlər Günəşə olan məsafə artdıqca yerləşəcək: üfüq xəttinin solundan sağına. Birincisi görünən Merkuri (ulduzdan 58 milyon kilometr), sonuncusu isə Saturn (1,4 milyard kilometr) olacaq.
Planetləri rəng və parlaqlıq ilə müəyyən etmək olar. Venera parlaq ağ işıq saçacaq və digər planetlərdən daha parlaq olacaq. Yupiter də ağ, lakin daha az parlaq olacaq. Marsı narıncı rənginə görə tanımaq olar. Saturn Günəşdən xeyli məsafədə olduğu üçün ən pis görünəcək.Bu beş planetin sonuncu paradını 2004-cü ilin dekabrında adi gözlə müşahidə etmək olardı, növbəti parad isə 2040-cı ildə gözlənilir.