18 il əvvəl öldürülən nənə və nəvənin qatilləri indi tapıldı

Xəbər verildiyi kimi, 18 il əvvəl paytaxtın Yasamal rayon
sakinləri 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi 1989-cu
il təvəllüdlü Aygün Əzizovanın birgə yaşadıqları mənzildə qəsdən
öldürülmələri ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsidə
istintaq edilən cinayət işinin üstü açılaraq cinayətin Anar
Ağalarov və qabaqcadan əlbir olduğu şəxslər tərəfindən törədilməsi
müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata
görə, Anar Ağalarov iş üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsilə
təqsirləndirilən şəxs qismində cəlb edilib.

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən həyata
keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin
törədilməsində iştirak etmiş daha bir şəxs tutularaq istintaqa cəlb
edilib.

Belə ki, aparılmış istintaqla Anar Ağalarovun xalası oğlanları –
1976-cı il təvəllüdlü mərhum Teymur Məmmədov və 1984-cü il
təvəllüdlü Fərid Məmmədli ilə qabaqcadan əlbir olan bir qrup şəxs
halında Rəhilə Cəlilovanın 10 min ABŞ dolları məbləğində pulunu ələ
keçirmək məqsədi ilə sonuncuya məxsus mənzilə qanunsuz olaraq girib
silah qismində istifadə edilən əşyalar tətbiq edərək Rəhilə
Cəlilova və Aygün Əzizovanı qəsdən öldürmələrinə əsaslı şübhələr
müəyyən edilib.

Toplanmış sübutlar əsasında mayın 11-də Fərid Məmmədli Cinayət
Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam
öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb
edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib.
Hazırda istintaq davam edir.

Teqlər: