18 il əvvəl nənə və nəvənin öldürülməsinin təfərrüatları məlum olub

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi tərəfindən əvvəlki
illərdən bağlı qalmış cinayətlərin açılması istiqamətində həyata
keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir
cinayətin üstü açılmışdır.

Baş Prokurorludan AzerTimes-a verilən məlumata görə, 24 aprel
2004-cü il tarixdə paytaxtın Yasamal rayonu, C.Cabbarlı küçəsində
yaşayan 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi Aygün
Əzizovanın birgə yaşadıqları mənzildə üzərlərində çoxsaylı
xəsarətlər olan meyitlərinin aşkar edilməsi faktı ilə bağlı Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq istintaq
aparılmış, lakin cinayəti törətmiş şəxs(şəxslər) müəyyən
edilmədiyindən iş üzrə icraat dayandırılmışdır.

14.04.2022-ci il tarixdə Baş Prokurorluğun İstintaq idarəsi
tərəfindən iş üzrə icraat təzələnməklə həyata keçirilmiş istintaq
tədbirləri nəticəsində müəyyən edilmişdir ki, hazırda Ədliyyə
Nazirliyinin Penitensiar Xidmətinin müəssisəsində saxlanılan Anar
Ağalarov qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə quldurluq
etmək məqsədi ilə 24 aprel 2004-cü il tarixdə saat 18:30-da Rəhilə
Cəlilovanın yaşadığı mənzilə daxil olduqda həmin vaxt orada Aygün
Əzizovanın da olduğunu görüb özləri ilə və mətbəxdən götürdükləri
bıçaqlarla çoxsaylı xəsarətlər yetirməklə Rəhilə Cəlilova və Aygün
Əzizovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, daha sonra mənzildə
olan 600 ABŞ dolları məbləğində pul vəsaitini götürüb hadisə yerini
tərk etmişlər.

Toplanmış mötəbər sübutlar əsasında Anar Ağalarova Cinayət
Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs
tərəfindən adam öldürmə), 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam
öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.11
(quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və
181.3.3-cü (quldurluq-sağlamlığa ağır zərər vurmaqla) maddələri ilə
ittiham elan edilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət
mərkəzində saxlanılmaqla bu istiqamətdə işlər davam etdirilir.

Teqlər: