17 min kv.km ərazisini ən az itki ilə azad etmək… – General

17 min kv.km ərazisini ən az itki ilə azad etmək… – General

Bax budur, artıq bir dövr qapandı. Azərbaycan 27 sentyabr 2020-ci ildə Vətən müharibəsi ilə başlayan prosesi tam qələbə qazanaraq şərəflə, ləyaqətlə başa vurdu. 15 oktyabr 2023-cü il tarixi dünya var olduqca Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi yaşayacaq.

Bu sözləri AzerTimes-a dünən İlham Əliyevin Xankəndidə Azərbaycan bayrağını qaldırması haqda danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

General Azərbaycanın qazandığı zəfəri tayı-bərabəri olmayan qələbə adlandırıb:

“Əlbəttə ki, hazırkı mərhələyə gəlmək o qədər asan olmadı. Dünyada son 3-4 ildir ki, qeyri-müəyyən və təhlükəli vəziyyət yaranıb. Tək bu il yaşanan hadisələrə nəzər yetirsək, beynəlxalq vəziyyətin necə qarışıq olduğunu görə bilərik. Afrikada, Balkan yarımadasında, Ukrayanada, Suriyada, İraqda, Tayvanda, indi də Qəzzada baş verənlər qarşıdan gələn Üçüncü Dünya müharibəsinin ayaq səsləridir. Dolayısı ilə bu qədər böyük risklərin olduğu dövrdə Azərbaycanın öz torpaqlarını işğaldan qurtarması və Şanlı Bayrağımızı həmin yerlərdə yenidən dalğalandırması, bütün bunları tamamilə beynəlxalq hüquq normaları içərisində etməsi çox böyük uğurdur. Dünya tarixində Azərbaycan kimi çətin relyefə sahib böyük bir ərazini ən az itki ilə işğaldan qurtaran ölkə azdır. Bu inanılmaz dərəcədə böyük bir qələbədir. Təsəvvür edin, ərazinin 20%-i 30 ilə yaxın işğal altında olub, oraya saysız-hesabsız silah-sursat, hərbi texnika və s. daşınıb, kilometrlə uzunluqda istehkamlar qurulub. Yəni minimum itki ilə 17 min kvadrat kilometr ərazini işğaldan azad etmək demək olar ki, qeyri-mümkündür. Ancaq Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə bunu bacardı. Dünən cənab Prezidentin də dediyi kimi, 10 noyabr bəyanatı imzalananda üzüntüdən niyə Xankəndi, Xocalı və digər yerlərə girilmədiyi sualını verənlər vardı. Ancaq əsas məsələ girməklə bərabər, ən az itki ilə bu müqəddəs vəzifəni tamamlamaq idi. Ali Baş Komandan eyni zamanda nəyi nə vaxt necə edəcəklərini çox yaxşı bildiklərini demişdi. Həmin vaxt gəlib çatdı, Azərbaycan Ordusu öz missiyasını tamamladı. Əlbəttə, bütün bunlar dövlət başçısının uzaqgörənliyidir. Əldə olunan qələbə ilə iki yüz il boyunca başımıza gətirilən faciələrin layiqli cavabı verilib. Yaxşı ki, İlham Əliyev kimi liderimiz, dövlətinin yanında olan xalqımız və canını Vətən yolunda fəda edən oğullarımız, qəhrəman Ordumuz var. Allahdan əziz şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm. Qardaş Azərbaycan xalqını möhtəşəm, şanlı Qələbə münasibətilə ürəkdən təbrik edirəm”.

Teqlər: