Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 16-17 aprel 2022-ci
il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələri elan
olunub.
Dövlət İmtahan Mərkəzindən AzerTimes-a bildirilib ki, imtahanda
iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2022/netorta/)
daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin
nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan
nəticələri, cavab vərəqinin qrafik təsviri ilə tanış ola bilərlər.
İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.
Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə
ümumi balı) mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel)
vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində
göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması
prosesi onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker
yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə
təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən)
yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama
prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi,
işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan
əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində “seeding”
(markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və
kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) prosesinin
tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi
göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl
olunub.
Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı
Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.
Bu imtahanlarda iştirakı nəzərdə tutulan 44856 nəfərdən 522
nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu
üçün 7 nəfərin nəticəsi ləğv olunub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM
tərəfindən 19 may tarixindən etibarən onlayn (“Zoom” proqramı və ya
telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 15 may saat
10:00-dan 17 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək
elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə
bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər
sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron
ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul
edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya
təşkil olunmur. Apellyasiya müzakirəsində şagirdin iştirakı
vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə
iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15
dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs
müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda
müzakirə prosesi dayandırılır.
Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl şagirdlər
DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz
nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli
tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən
imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə
yazanların təqribən 20%-i ümumiyyətlə tapşırığa cavab verməyib və
ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını
müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər.
Şagirdlərin nəzərinə çatdırırıq ki, bu tip müraciətlərə
baxılmayacaq.