156 saylı məktəbdəki hadisə buna görə baş verib

156 saylı məktəbdəki hadisə buna görə baş verib

Yaşadığımız dövr və cəmiyyətdə valideyn məsuliyyətindən, həmçinin ailədə valideyn-uşaq münasibətlərinin düzgün qurulmamasından yaranan və bu diqqətsizlik və məsuliyyətsizlik səbəbindən uşaq hüquqlarının pozulmasına gətirib çıxaran bir sıra hallara rast gəlinir. Uşağın böyüdülməsi, cəmiyyətdə layiqli fərd kimi yetişdirilməsində valideynin rolu önəmlidir. Beynəlxalq təcrübədə valideyn məsuliyyəti kimi ən mühüm vəzifələr sırasına uşağın tərbiyə, təhsil, sağlamlıq və müalicəsi daxildir.

AzerTimes xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov Bakı şəhəri 156 saylı orta məktəbin qız şagirdlərinin qeyri-etik hərəkətləri barədə açıqlamasında deyib.

“Şagirdlər məktəbdə, küçədə məruz qaldıqları təzyiqləri, qeyri-etik davranışları evdə valideyinləri ilə bölüşə, valideyndən dəstək ala bilmədiyi üçün ortaya xoş olmayan mənzərə çıxır. Ailə Məcəlləsinin 58-ci maddəsi uşaqların tərbiyəsi və təhsilində valideynlərin hüquq və vəzifələrinə həsr olunub və valideynlərin uşaqlarını tərbiyə etməyə borclu olduqları, həmçinin onların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdıqları ayrıca vurğulanır. Yəni evdə valideynləri tərəfindən zorakılığa məruz qalan və düzgün davranış qaydalarında tərbiyə olunmayan uşaqlar cəmiyyətə təhlükə saçırlar. Bakı şəhəri 156 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə baş verən hadisə onu göstərir ki, valideynlər övladları ilə heç bir ünsiyyət qurmur, onların tərbiyəsi ilə məşğul olmur. Hər bir valideyn məsuliyyətini anlamalı və üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir”, – ekspert bildirib.

Onun sözlərinə görə, valideyn məsuliyyətinin artırılması məqsədilə İnzibati Xətalar Məcəlləsinin 189-cu və 512-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanların tərbiyə və təlimi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən üzrlü səbəblər olmadan yerinə yetirilməməsinə və yetkinlik yaşına çatmayanların xırda xuliqanlığına görə valideynlərə məsuliyyət nəzərdə tutulub:

“Valideyinlik təkcə dünyaya uşaq gətirmək, ona geyim, yemək almaq deyil. Valideynlik övladına mənəvi, psixoloji dəstək verməkdir.

Valideyinlər sosial şəbəkələrdə vaxt keçirdikləri qədər övladları ilə vaxt keçirmirlər. Valideynlər əllərində telefon tutduqları qədər övladlarının əlini tutmurlar. Valideynlər Vatsapda, sosial şəbəklərdə başqaları ilə danışdıqları qədər övladları ilə danışmırlar”.

Teqlər: