Avropa Birliyi müşahidəçilərinin Ermənistan ərazilərinə gəlməsi İrəvanı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən azad edə bilməz.
Bu sözləri AzerTimes-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.
“İndiyə qədər Ermənistan Gürcüstanla, Türkiyə ilə, İranla mövcud olan sərhədlərini özü qorumayıb. Bu funksiyaları Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirib. İndi isə Ermənistanın Rusiya ilə münasibətləri kifayət qədər korlanıb. Ona görə də Ermənistan öz sərhədlərinin təhlükəsizliyini Avropa Birliyinin qüvvələri hesabına təmin etmək istəyir”, – Ədalət Verdiyev qeyd edib.
Ekspertin sözlərinə görə, AB-nin göndərdiyi “missiya”nın tərkibinə hərbiçilər və keçmiş kəşfiyyatçılar daxil edilib:
“Onların iki əsas vəzifəsi var. Birincisi, Rusiyanı Ermənistandakı proseslərdən uzaqlaşdırmaq və sonrakı mərhələdə buradan tamamilə çıxarılmasına nail olmaq, ikincisi isə 10 noyabr bəyanatındakı öhdəliklərini hələ də yerinə yetirməyən, 8 kəndimizi hələ də işğal altında saxlayan, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni təmin etməkdən boyun qaçıran Ermənistanın “müqavimətini” təmin etməkdir”.
Qeyd edək ki, bu gün AB Ermənistanın Azərbaycanla sərhədinə 1500 patrul göndərir.