1500 manat təhsil haqqını Dürdanə Əliyevaya vermişəm, mənimsəyib – Məhkəmə

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda
təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) sabiq şöbə
müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Əli Məmmədovun sədrliyi ilə
keçirilən prosesdə ifadə verən Afaq Saatova deyib ki, əlavə təhsil
almaq üçün təqsirləndirilən şəxsə birinci il üçün 1500 manat pul
versə də, ödəniş sistemə oturmayıb:

“Pulu şəxsən Dürdanə xanıma verdim. Dedi sistemdə problem var
ona görə nağd şəkildə ödəməlisən. Bir neçə ay sonra zəng etdilər
ki, sizin ödənişiniz daxil olmayıb. 1500 manat təhsil haqqını
Dürdanə Əliyevaya vermişəm, mənimsəyib. Dəymiş ziyanın ödənilməsini
tələb edirəm.”

İlk təhsilini Gürcüstanda alan digər şahid Xuraman Rüşdüova isə
təqsirləndirilən şəxslə razılığına görə 3 illik təhsil müddətini 2
ilə bitirməli imiş. Şahid deyib ki, verdiyi 2 min manat təhsil
ödənişi sistemə daxil olmadığı üçün hazırda universitet tərəfindən
təhsili dondurulub:

“Universitetdən zəng edib dedilər ki, sizin borcunuz var, gəlin
illiyi ödəyin. Məndə ödəyə bilmədim. Sonradan dedilər təhsiliniz
dondurulub. Bəlkə də qovublar…”

Proses mayın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi
təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma
aparılıb.
Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı
şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4,
312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri
ilə cinayət işi başlanılıb.

Teqlər: