150-dən çox şəxs peşə hazırlığı kurslarına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki
Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzində daha
11 peşə üzrə hazırlıq kursuna başlanıb.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə,152 işsiz şəxsin cəlb olunduğu kurslar qənnadçı,
şirniyyatçı, alətçi – çilingər, dayə, mobil telefonların təmiri
ustası, minaaxtaran, bağban və s. peşələr üzrədir.

İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilən
kurslarda müdavimlərə nəzəri biliklər tədris edilməklə yanaşı,
müvafiq sahələr üzrə müəssisələrdə təcrübə keçmələrinə də şərait
yaradılacaq.

Kursun sonunda imtahanlardan müvəffəqiyyətlə keçən məzunlara
sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına
dəstək göstəriləcək.

Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı
məbləğində aylıq təqaüd də veriləcək.

Teqlər: