Qarabağ yeganə məsələ idi ki, bütün cəbhələrdə toqquşan tərəflər – Rusiya və Qərb bu məsələdə birləşir, ortaq nöqtədən – erməni marağından çıxış edirdi. Hətta Ukraynada toqquşan Qərb və Rusiya antiterror tədbirlərindən iki gün öncə belə – 17 sentyabrda İstanbulda gizli görüşərək, Laçın yolunun açılması, Bakının qarşısının alınmasını müzakirə etdilər. Azərbaycan bütün bunlara rəğmən, öz suverenliyini təmin etdi və təkcə post-sovet məkanında yox, XXI əsrin dünyasında bunu edən ilk ölkə oldu.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Xankəndidə bu gün Prezident İlham Əliyevin Azərbaycan bayrağını qaldırması ilə bağlı qeyd edib.
O qeyd edib ki, ermənilər bir gün ətraf 7 rayonu qaytaracaqlarını bilirdilər, bu ərazilərin işğalı da bufer zona yaratmaq və danışıqlarda keçmiş “Dağlıq Qarabağı” barter etmək məqsədi daşıyırdı:
“Amma ağıllarına belə gətirə bilməzdilər ki, bir gün “ikinci erməni dövləti” ləğv ediləcək, Xankəndinin mərkəzində Azərbaycan bayrağı dalğalanacaq.
Əliyev bunu bacardı, Azərbaycan Ordusu bu tarixi yaratdı.
Xankəndi, Xocalı və Əsgəran qəsəbəsi, Xocavənd, Ağdərə artıq üçrəngli bayrağımızın – suverenliyimizin altındadır. Və artıq bizə nəsə yazmaq yox, sadəcə izləmək qalır”.