Ermənistan hələ 2007-ci ildə Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb.
AzerTimes xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İctimai Televiziyasının efirində deyib.
Baş nazir qeyd edib ki, beynəlxalq ictimaiyyət, o cümlədən Ermənistan Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır.
“Ermənistanın veto qoymasına baxmayaraq, ATƏT-in 1996-cı il Lissabon sammitində Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğu bildirilib. Bütün ölkələrin mövqeyi BMT Təhlükəsizlik Şurasının 1993-cü il qətnamələrindən də məlumdur. Ermənistan da Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu tanıdı. 2007-ci ildə tanıdı. Bunu nə vaxta qədər təsdiqləməmək olar?
Məsələ burasındadır ki, biz bunu görmək istəyirik, yoxsa yox? Bəlkə bütün problemlərimiz özümüzdən irəli gəlir. Bunu görmürəm”, – Paşinyan Ermənistan İctimai Televiziyasının efirində deyib.
Jurnalistin rəsmi Bakının Ermənistanın 1991-ci il Almatı Bəyannaməsinə istinad edərək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı iradına Paşinyan belə cavab verib: “Almatı Bəyannaməsi bizim qanunvericiliyimizin bir hissəsidir. O, 1992-ci ilin fevralında Ermənistan Ali Soveti tərəfindən təsdiqlənib. Mən Almatı Bəyannaməsini qəbul etmədiyimi desəm, Ermənistanın qanunvericiliyini tanımamış olaram”.