140 illik tarixi olan “Horadiz-Zəngilan-Ağbənd” beynəlxalq dəmiryol qovşağı bərpa edilir

Əgər siz yaxınından sərnişin qatarı keçən bir qəsəbədə, kənddə yaşayırsınızsa, sizə “Adsız ulduz” romantik filminə baxmağı tövsiyə edirəm. Filmin əsas süjetini bir kənara qoyaq, amma stansiya qəsəbəsində baş verən hadisələr heç kəsi təsirləndirməyə bilməz.

Bütün qəsəbənin sosial həyatı hər gün eyni vaxtda qəsəbədən keçən bir sərnişin qatarına bağlıdır. Qəsəbə sakinləri həmin vaxt ən gözəl paltarlarını geyinib, vağzala gəlirlər. Gənclər saçlarını darayır, ayaqqabılarını parladır, məktəblilər dərsdən qaçıb qatara, daha doğrusu qatardakı insanlara baxmağa gəlirlər…

Bəlkə də bu film mənə ona görə belə dərindən təsir edib ki, mənim də uşaqlığım çoxsaylı sərnişin qatarlarının keçdiyi stansiya-qəsəbədə Zəngilanın Mincivan qəsəbəsində keçib. Eyniadlı stansiyanın yanında yerləşən bu şəhər tipli qəsəbənin ürəyi burdan keçən qatarlarla döyünürdü. Qəsəbəmizin, demək olar ki, bütün həyatı dəmir yoluna və qatarlara bağlı idi.

Atam qatar rəisi işləyirdi. Amma o qəsəbəmizdə ömrünü, gələcəyini qatarlara, dəmir yoluna bağlı görən sakinlərindən ancaq biri idi. Mincivanda kişilərin az qala səksən faizi dəmiryolçu ixtisasına yiyələnirdi, elə bu qədəri də qatarlarda ya da dəmir yolu infsrastrukturunda işləyirdi.

Strateji baxımdan mühüm şəraitdə, Şimaldan Cənuba və Qərbdən Şərqə – iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən Azərbaycan əsrlər boyu özünəməxsus körpü rolunu oynamışdır. 140 illik tarixi (1880-2020) olan Azərbaycan dəmir yolları Beynəlxalq Nəqliyyat qovşağının parçası olaraq bizim balaca qəsəbəmizdən keçırdi. Moskvadan Tehrana qədər bir neçə xəttə bölünürdü Mincivan stansiyası. Uşaqlığımızın o “uzaq, əlçatmaz şəhərləri”nin adamlarını gətirən, aparan qatarlar qəsəbəmizin içindən keçdikcə, biz də bu böyük Yol-un bir parçası kimi hiss edirdik özümüzü.

Təkcə bu Yol-un yox, o vaxt yüz ildən çox yaşı olan dəmir yolunun, Abşeronda neft bumu ilə başlamış böyük bir prosesin, uzun bir tarixin parçası idik sanki…

Birinci Qarabağ Müharibəs saysız-hesabsız gözəl şeylərlə yanaşı, bu böyük YOL-a da son qoydu, dağıtdı, kəsdi.

1993-cü ilin 23 oktyabrında, axşam saat 23.40 da sonuncu Bakı-Qafan qatarı yola düşdü. Səhər saat 4.10-da İmişli stansiyasına çatan qatarı ordan o yana buraxmadılar. Çünki Zəngilan Ermənistan işğalına məruz qalmışdı və qatar artıq şux, abad Mincivana deyil, müharibənin ortasına doğru irəliləyəcəkdi.

Həmin gün, regionun əsas damarlarından olan qatar xətti erməni işğalı nəticəsində kəsildi. Belə ki, 240 km-dən çox dəmir yolu xətti erməni təcavüzünə məruz qaldı. Mehri-Kərçivan sahəsində qatarların hərəkətinin dayandırılması nəticəsində Naxçıvan Muxtar Respublikası ölkədən təcrid edilərək blokadaya düşdü və 27 ildən çoxdur ki, onun ağırlıqlarını öz üzərində hiss edir.

Amma Birinci Qarabağ Müharibəsinin kəsdiyi damarı İkinci Qarabağ Müharibəsində əldə etdiyimiz qələbənin bərpa edəcəyi günlər uzaqda deyil.

Fevralın 14-də Prezident İlham Əliyev Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olarkən Horadizdə Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl daşını qoydu. “Bu dəmir yolunun çox böyük strateji əhəmiyyəti var. İlk növbədə ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Digər tərəfdən, bu dəmir yolu Naxçıvana gedəcək. Noyabrın 10-da imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə həyata keçirilən bu layihə, əminəm ki, icra ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir yolu ilə bir-birinə bağlanacaq və beləliklə, bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz həyata keçiriləcək”, – dövlət başçısı bildirib.

Bu xəbərin mənə necə təsir etdiyini anlamaq elə də çətin deyil. Otuz ilə yaxın bir müddət. Və otuz ildən sonra, mən uşaqlığımda bir parçası olduğum YOL-un, tarixin, prosesin yenə də bir parçası oluram… Tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaqdır. Həmin dəhliz Avropa-Cənubi Asiya – Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcəkdir.

Məşhur “Həyat” romanının finalında deyildiyi kimi, həyat çox yaxşı olmasa da, çox pis də deyilmiş!

Aybəniz İsmayılova
Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması Beynəlxalq əlaqələr şöbəsinin müdiri

Teqlər: