Sosial şəbəbkələrdə yayılan görüntülərdə Sabirabad rayonunda 122
yaşlı tarixi hamamın məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı
görünür.
Tarixi hamam 1900-cü ildə Seyid Mirmusa Tağıyev tərəfindən inşa
edilərək istifadəyə verilib.
Hazırda isə tarixi hamam məhv olmaq təhlükəsi ilə üzləşib.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və
İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova
Trend-ə bildirib ki, Sabirabad rayonunda
yerləşən tarixi hamam dövlət tərəfindən mühafizə olunan daşınmaz
tarix-mədəniyyət abidəsi kimi Dövlət Xidmətinin nəzarətindədir.
O bildirib ki, XIX əsrin sonlarında inşa olunan hamam bir neçə
ilə öncəyə qədər istifadə edilib. Hazırda isə hamamın bərpaya
ehtiyacı var.
“Adıçəkilən abidənin bərpası dövlət büdcəsində dövlət əsaslı
vəsait qoyuluşu hesabına tikintisi nəzərdə tutulmuş layihələrin
siyahısına daxil edilib. Tarixi abidələr müvafiq siyahıya daxil
edilərək mərhələli şəkildə bərpa, konservasiya işləri həyata
keçirilir.
“Tarix və Mədəniyyət Abidələrinin Qorunması haqqında” Azərbaycan
Respublikası Qanunun 9-cu maddəsinə əsasən abidələrin qorunması,
öyrənilməsi, bərpası və konservasiyası dövlət büdcəsindən və yerli
büdcələrdən ayrılan vəsaitlərlə yanaşı, fiziki və hüquqi şəxslərin
maliyyə yardımları, ianələri hesabına da həyata keçirilə bilər.
Bu baxımdan Dövlət Xidməti olaraq ölkə ərazisində
bərpa-konservasiyaya ehtiyacı olan bu tip abidələrin qanunvericilik
çərçivəsində fiziki və hüquqi şəxslər tərəfindən müvafiq işlərin
icrası üçün təşviqat işləri də aparılır”, – deyə N.Allahyarova
bildirib.