12 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib – Nazir müavini

Xəbər - Samir Əli – Trend:

Əvvəlki iki ildə və bu ilin ötən dövründə 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib.

AzerTimes-ın məlumatına görə, bunu Əmək və əhalinin soaial müdafiəsi nazirinin müavini Hidayət Məmmədov deyib. O bildirib ki, bununla da ölkəmizdə müasir reabilitasiya sistemi yaradılıb: “Bununla bərabər, ölkədə aparılan sosial siyasətin prioritetlərindən biri – əlilliyi olan şəxslərin əmək bazarına çıxışının, məşğulluğunun dəstəklənməsidir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin peşə-əmək reabilitasiyası, əmək bazarına, kiçik biznesə çıxış imkanlarına malik olmaları məqsədilə bir sıra proqramlar, layihələr icra olunur.

Əlilliyi olan şəxslərin kvota əsasında işlə təminatı, onlar üçün peşə hazırlığının təşkili işləri aparılır.


Nazirliyin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzi fəaliyyət göstərir, orada əlilliyi olan şəxslər yeni peşələrə, tətbiqi sənət növləri üzrə bacarıqlara yiyələnirlər.
Həmçinin özünüməşğulluq proqramında üstünlük verilən kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. Proqram çərçivəsində aktivlər verilməklə onlar kiçik müəssisə və təsərrüfatlarını yaradırlar”.

Nazir müavini deyib ki, hazırda BMT İnkişaf Proqramı ilə birgə layihə çərçivəsində də bu kateqoriyadan olan şəxslərin kiçik biznesə çıxışına dəstək verilməsi işləri də aparılır: “Əlilliyi olan şəxslərin istedad və qabiliyyətlərini nümayiş etdirmələrinə də şərait yaradılır, ötən ay bu məqsədlə bir sıra satış-sərgilər təşkil olunub.
Bu sahədə işlərdə özəl sektorun sosial tərəfdaşlıq müstəvisində yaxından iştirak etmək səyləri təqdirəlayiqdir”.

Teqlər: