Hacıqabul rayonunun inşa olunan və 12 min nəfərin istifadə etdiyi Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun asfaltlanmasına başlanılıb.
Bu barədə AzerTimes-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, Yolun 3 km hissəsində asfalt örtüyünün alt qatı, 1 km-lik hissəsində isə asfalt-beton örtüyünün üst qatının döşənməsi işləri aparılıb.
Xatırladaq ki, 39 km uzunluğa malik olan, uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihə çərçivəsində 2 hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Yolboyu texnoloji ardıcıllığa uyğun olaraq, yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür. Yolun 20 km hissəsində yol əsasının tikintisi yekunlaşıb.
Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır. Layihə üzrə 30 suötürücü boru inşa edilib.
Bununla yanaşı layihə çərçivəsində Udullu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində tikintisi nəzərdə tutulan 3 aşırımlı yeni dəmir-beton körpünün inşası yekunlaşmaq üzrədir.
Sonda yolboyu hərəkətin normal təşkili üçün km göstəricisi, yol nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin, dayanacaqların quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.