Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi
Xidməti və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin birgə həyata
keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində ötən illərdən
bağlı qalmış daha bir xüsusilə ağır cinayətin açılması təmin
olunub.
Baş Prokurorluqdan AzerTimes-a daxil olan məlumatda bildirilir ki,
10 oktyabr 2012-ci il tarixdə Axundov Cəfər Məmmədmehti oğlunun
Yasamal rayonu ərazisində özünə məxsus avtomobildə meyitinin aşkar
edilməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin
müvafiq maddəsi ilə cinayət işi başlanıb istintaq aparılsa da,
cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından iş üzrə
icraat dayandırılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi
yenidən öyrənildikdən sonra icraat təzələnmiş, birgə həyata
keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri
nəticəsində əldə edilmiş sübutlarla müəyyən edilib ki, Şirinov
Zöhrab Şirin oğlu 10 oktyabr 2012-ci il tarixdə, saat 14
radələrində tanışı və əvvəllər qonşuluğunda yaşamış Cəfər Axundovla
Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən evdə narkotik vasitə
qəbul etdikdən sonra sonuncunun narkotik sərxoşluğu vəziyyətinə
düşməklə hərəkət etmək, müqavimət göstərmək imkanından məhrum
olunduğunu görüb aralarında əvvəllər şəxsi münasibətlər zəminində
baş vermiş mübahisəni – cüzi səbəbi bəhanə edib uzanıqlı vəziyyətdə
qalmış Cəfər Axundovun həyatı üçün vacib orqanlarının yerləşdiyi
qarın və sinə nahiyələrinə təpiklə zərbələr vurmaqla çoxsaylı
xəsarətlər yetirərək onu qəsdən öldürmüş, daha sonra törətdiyi
cinayəti gizlətmək və narkotik maddənin təsiri altında öz əcəli ilə
ölməsi görüntüsünü yaratmaq məqsədilə həmin gün axşam saatlarında
Cəfər Axundovun meyitini sonuncunun mülkiyyətində olan “Mercedes
Benz C200” markalı, 90-LV-150 dövlət qeydiyyat nişanlı avtomobilin
arxa oturacağına qoymaqla Yasamal rayonu, “Qurd qapısı” adlanan
ərazinin yaxınlığında yerləşən qəbiristanlığa aparıb avtomobildə
cibinə şpris və içərisində narkotik vasitə izləri olan şüşə dərman
qabını yerləşdirməklə oradan uzaqlaşıb.
27 may 2022-ci il tarixdə Zöhrab Şirinova Cinayət Məcəlləsinin
120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.9-cu
(təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı
öldürmə) maddələri ilə ittiham elan edilib.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam
etdirilir.