Özünü “qazi” kimi təqdim edərək, “12-ci imam”, “Sahib əz-Zaman Mehdi” adı ilə 40-dan çox insanın milyonlarla pulunu ələ keçirən və cinayət məsuliyyətinə cəlb edilən Aqil Babayevi “xilas etməyə” çalışan Ceyhun Məhərrəmovun köhnə dostlarına qarşı aqressiv hərəkəti ilə bağlı yeni təfərrüat ortaya çıxıb.
AzerTimes xəbər verir ki, bu barədə Bakupost.az-a C.Məhərrəmovun şiddətinə və aqressiyasına məruz qalan Faiq Abdullayev danışıb.
O bildirib ki, mayın 3-də qardaşı Zaur Abdullayev yaşadığı Xətai rayonu, Əbilov 16 ünvanında yerləşən binanın həyətində Ramazan bayramı münasibətilə məclis təşkil edərək onu və digər dostlarını dəvət edib. O da 19:30 radələrində həmin ünvana gedib və birlikdə oturub yemək yeyiblər:
“Binanın sakinləri ilə yemək yedikdən sonra həmin yeri yığışdıran zaman saat 22:30 radələrində əvvəllər tanıdığım və dostluq etdiyim Ceyhunun həmin yerdən keçdiyini gördüm. Ceyhunla aramızdakı dostluq onun məni təxminən 4-5 ay əvvəl telefonla danışarkən küçə söyüşləri ilə söyməsinə görə pozulmuşdu. Həmin gündən onu görməmişdim.
Ramazan bayramı süfrəsində əyləşdiyimiz vaxt Ceyhun oradan keçirdi və ona yaxınlaşıb, nə səbəbdən məni söydüyünü soruşdum. O isə “yaxşı edib söymüşəm” deyib, yenidən məni təhqir etdi. Bu zaman Ramazan bayramı ilə əlaqədar qardaşımın təşkil etdiyi məclisdə dava düşməməsi üçün onu əlimlə itələyib, “get, sonra söhbət edərik” dedim, o isə mənə əl və ayaq zərbələri endirməyə başladı, bu zaman mən müvazinətimi itirərək yerə yıxıldım. Ceyhun isə dayanmadı, məni yerdə də vurdu. Qardaşım və məclisdə olan şəxslər müdaxiləsi ilə onu aralaşdırdılar. Ayağa qalxıb, dava düşməməsi üçün onlara yaxınlaşdım, hamını kənara çəkilməyə çağırdım, Ceyhuna da çıxıb getməsini dedim. Ceyhun isə əynində olan gödəkçəsini çıxarıb qardaşım və yanında olan şəxslərin üstünə hücum çəkmək istədi, mən isə onun qarşısında duraraq buna imkan vermədim, yenə çıxıb getməsi üçün onu itələdim. O isə anidən üz nahiyəmdən yumruq vurdu. Bu zərbəni və ümumiyyətlə, onu məni yenə vura biləcəyini gözləmirdim deyə, yerə yıxıldım, dodağım partladı. Həmin vaxt qardaşım və məclisdə olanlar yenə müdaxilə etdilər. Bundan sonra o çıxıb evinə getdi, biz isə həmin yerdən binanın həyətinə çıxıb getmək istəyən zaman o, hər iki əlində bıçaqla yenidən bizə hücum çəkdi. Lakin yanımda olan şəxslər binanın həyətinə açılan qapını örtərək arxasında dayandılar. Ceyhun qapını nə qədər açmağa çalışsa da, buna nail ola bilmədi. Beləliklə yanımda olan şəxslər onun çölə çıxmasının və bizi bıçaqlamasının qarşısını aldılar”.
Faiq Abdullayev bildirib ki, C. Məhərrəmovla aralarında olan münaqişə şəxsi zəmində baş verib:
“Ceyhun qardaşımın (Zaur Abdullayev – red.) qonşusudur və məclisdə iştirak edən bütün şəxslər, o cümlədən qardaşım Ceyhunla dost olublar. Lakin dediyim kimi, Ceyhunun haqsız hərəkətləri və söyüşlərinə görə dostluq pozuldu və bu hadisə baş verdi. Artıq bununla bağlı polisə şikayət ərizəsi ilə müraciət etmişəm. İnanıram ki, məsələyə hüquqi qiymət veriləcək”.
Xatırladaq ki, C. Məhərrəmov zərərçəkmiş qonşuların “İmam Mehdi” ilə bağlı istintaqa verdiyi ifadəsinə görə ona təzyiq etdiklərini iddia edib.
İftar süfrəsindəki dava ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
C.Məhərrəmov zərərçəkmişlərə şərt qoyub – “İmam Mehdi” – Aqil Babayevdən etdiyiniz şikayəti geri götürün, vurulan zərərlərdən imtina edin və o, azadlığa çıxsın, əvəzində may ayında baş verən dava ilə bağlı polisə verdiyim şikayəti geri çəkim.
“Zor tətbiq edən, qəsdən sağlamlığa zərər vuran şəxs məsuliyyətə cəlb edilə bilər”
Olayla bağlı hüquqşünas Samir Namazov Bakupost.az -a bildirib ki, şəxsi münasibətlər zəminində baş verən münaqişə zamanı qarşı tərəfə zor tətbiq edən, sağlamlığına qəsdən zərər vuran, hədələyən şəxs bu əməlinə görə müvafiq maddəyə uyğun olaraq məsuliyyətə cəlb edilə bilər:
“AR Cinayət Məcəlləsində sağlamlığa zərər vurmanın üç dərəcəsi ayırd edilir: sağlamlığa ağır zərər vurma, sağlamlığa az ağır zərər vurma, sağlamlığa yüngül zərər vurma. Sadalanan xəsarət növlərinin hər birinə uyğun Cinayət Məcəlləsinin müvafiq maddəsi var. O maddəyə uyğun da məhkəmə cəza təyin edir. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Azərbaycan Respublikasının Cinayət və Cinayət Prosessual məcəllələrinə və hazırkı “Qaydalar”a uyğun olaraq icra edilir. Tibbi nöqteyi-nəzərdən sağlamlığa zərər vurma ya bədən xəsarəti, yəni xarici mühit amillərinin (mexaniki, fiziki, kimyəvi, bioloji, psixi) təsiri nəticəsində üzv və toxumaların anatomik tamlığının, yaxud fizioloji funksiyalarının pozulması, ya da xəstələnmə və patoloji hal sayılır. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun qərarı və məhkəmənin qərardadı əsasında keçirilir. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası keçirildikdə, “Ekspert rəyi”, məhkəmə-tibbi müayinəsi keçirildikdə isə “Məhkəmə-tibbi müayinə aktı” tərtib olunur”.
Hüquqşünas qeyd edib ki, “zor tətbiq etmə ilə hədələmə” dedikdə isə zərərçəkmiş şəxsi fiziki zor tətbiq ediləcəyi ilə qorxutmaqla onun şüuruna və iradəsinə psixi təsirgöstərmə başa düşülür:
“Hədələmə zamanı təqsirkar zərərçəkən şəxsi döymə, sağlamlığına zərər vurma, bədən üzvlərini kəsmə, öldürmə və s. ilə qorxuda bilər. Hədənin icra ediləcəyi üçün real əsaslar olmadıqda qeyd olunan hərəkətlərdə Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyası ilə tam əhatə olunduğundan təqsirləndirilən şəxsin zərərçəkəni öldürməklə və ya sağlamlığına ağır zərər vurma ilə hədələməsinə görə əməlinin əlavə olaraq Cinayət Məcəlləsinin 134-cü maddəsilə tövsif edilməsinə ehtiyac qalmır”.
Qeyd edək ki, təqsirləndirilən Aqil Babayev aldatma və etibardan suiistifadə etməklə zərərçəkmiş şəxslərdən Faiq Abdullayevə 354.600 manat, Zaur Abdullayevə 134.000 manat, Bəhruz Kavəyə 72.000 manat və Araz Kavəyə isə 17300 manat məbləğində maddi ziyan vurmaqla, ümumilikdə 40-dan çox şəxsin 2 milyondan artıq pulunu ələ keçirib.
Cinayət işinə başlanar-başlanmaz isə “İmam Mehdi”ni fanatcasına müdafiə edənlər də peyda olub və onlar cidd-cəhdlə Aqil Babayevin qanunsuz əməllərindən zərər çəkən şəxslərin şikayət ərizələrinin geri götürməsinə və “İmam Mehdi”nin azadlığa çıxmasına nail olmağa çalışırlar.
Bu kampaniyanı təşkil edən əsas simalardan birinin isə Ceyhun Məhərrəmov olduğu bildirilir.
Özünü “Qarabağ qazisi” kimi təqdim edən C.Məhərrəmov Aqil Babayevin əməllərindən zərər çəkən şəxslərə təzyiq göstərərək, müxtəlif üsullarla onlardan iddialarını geri götürməsini tələb edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 1980-ci il təvəllüdlü Ceyhun Bəhrəm oğlu Məhərrəmovun “Əlillik” altsistemində 1999-cu il 1 yanvarda xəsarət aldığı qeyd edilir.
Həmin tarixdə heç bir savaş baş vermədiyindən, C.Məhərrəmovun “qazi” olması mübahisəlidir. C.Məhərrəmov həqiqi hərbi xidmət zamanı təlim keçirilərkən, ehtiyatsızlıqdan xəsarət alıb, nə Aprel və Tovuz savaşlarında, nə də İkinci Qarabağ savaşında iştirak edib.