Bakı Ağır Cinayətlər Məhkəməsində özünü “12-ci İmam” kimi təqdim edərək dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, prosesə sədrlik edən hakim Eldar İsmayılov heç bir səbəb göstərmədən jurnalistləri zaldan çıxarıb.
Qapalı keçirilən prosesdə müdafiə tərəfi vəsatət qaldıraraq zərərçəkmişlərin bir-bir zala dəvət olunub ifadə vermələrini istəyib. Onlar bunu zərərçəkmişlərin iclasda təhqiredici sözlər işlətməsi ilə əsaslandırıblar.
Məhkəmə vəsatəti təmin etməyib.
Prosesdə ifadə verən zərərçəkmiş Kavə Rövşən avtomobil və avtomobil aksesuarları ilə məşğul olduğunu bildirib və iş üzrə ona 72 min manat ziyan dəydiyini deyib. O, bildirib ki, “12-ci İmam”a həmin pulları zəkat kimi verib.
“Aqil Babayevlə tanış olduqdan sonra onun fikirlərini bəyəndim. Sonralar isə hər gecə yuxuda onun imam olduğunu görürdüm. Nə sual verirdimsə hamsına mükəmməl cavab verirdi. Sonralar bu yuxularıma girməyə başladı. Tutaq ki, söhbət zamanı deyirdi, qiyamət olacaq, yuxuda qiyamət görürdüm, deyirdi yağış yağacaq, gecəsi yuxuda görürdüm yağış yağır. Bundan əlavə, hər dəfə yuxuda bunun imam olduğunu görürdüm. Belə deyək, məni ovsunlamışdı”,-zərərçəkmiş bildirib.
Təqsirləndirilən şəxs zərərçəkmişin ifadəsini qəbul etməyib. Aqil Babayev deyib ki, zəkat pulunu zərərçəkmiş qardaşı ilə birgə yığıb:” Özləri yığıb, özləri də paylayıblar. Mənim bundan xəbərim olmayıb”.
İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.
O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.