Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə”nin 3.0.33-20-ci yarımbəndinə əsasən, bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə nəzarət etmək Agentliyin vəzifələrinə aid edilib.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə müşayiət olunmalıdır. Bioloji fəallığa malik qida əlavələrinin idxalı “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 iyul 2018-ci il tarixli 302 saylı Qərarına, ekspertizası isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 2018-ci il tarixli 287 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.
Bioloji fəallığa malik qida əlavələrinin idxalı ilə məşğul olan sahibkarlıq subyektlərinin bu sahədəki fəaliyyətləri ilə bağlı müraciətlərə operativ və kollegial qaydada baxılmasının təmin edilməsi məqsədilə yaradılmış komissiyanın 2021-ci ilin 15-21 fevral tarixlərində 2 iclası keçirilib və ümumilikdə 55 müraciətə baxılıb. Nəticədə 43 müraciət əsasında idxal olunan bioloji fəallığa malik qida əlavəsi sertifikatlaşdırılıb, 12 adda bioloji fəallığa malik qida əlavəsinin isə sertifikatlaşdırılmasından imtina edilib.
Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərini fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.