11 yaşlı azərbaycanlı qız Finlandiya çempionu olub (FOTO)

Finlandiyanın qədim Porvoo şəhərində keçirilən yeniyetmələr arasında güləş üzrə ölkə çempionatında 11 yaşlı azərbaycanlı Sura Mirac Abbassoy birinci yer tutub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova bildirib ki, qızlar arasında 39 kq çəki dərəcəsində mübarizə aparan Abbassoy keçirdiyi bütün görüşlərdə üstünlük qazanıb. Final görüşünü 8:4 hesabı ilə başa vuran soydaşımız yeniyetmələr arasında Finlandiya çempionu tituluna layiq görülüb.

Bundan öncə isə soydaşımız 15-17 oktyabr 2021-ci ildə İsveçin Umea şəhərində keçirilən “Umea Wrestling Battle” Avropa turnirində uğurla çıxış edib. Həmin turnirdə II yeri tutaraq gümüş medal qazanıb.


Qeyd edək ki, idmançının atası Ruzi Abbassoy Helsinkidə fəaliyyət göstərən HPM idman klubunun məşqçisidir.

Diasporla İş üzrə Dövlət Komitəsi ölkə çempionu olması münasibətilə Sura Mirac Abbassoyu və valideynlərini təbrik edir, soydaşımıza təhsilində və idman karyerasında davamlı uğurlar qazanmağı arzulayır.

Teqlər: