Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə heyvanların identifikasiyası və qeydiyyatı davam etdirilir. 2021-ci il 15 dekabr-2022-ci il 6 yanvar tarixlərində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında 10775 sayda iribuynuzlu heyvan identikləşdirilərək həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. İdentikləşdirilən heyvanlardan 2352-si Bakı şəhəri, 8163-ü Abşeron rayonu və 260-ı isə Sumqayıt şəhərinin payına düşür.
Agentlikdən Trend-ə ölkəmizdə yaradılan Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqları və onların nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması identifikasiya sisteminin əsas funksiyalarıdır. Bu sistem “fermadan süfrəyədək” prinsipinə uyğun olaraq heyvan mənşəli qida məhsullarının izlənilməsinə və təhlükəsizliyinə, insan sağlamlığının təmin olunmasına və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına öz töhfəsini verəcəkdir.