2022-ci ilin 25-28 may tarixlərində Suriya Ərəb Respublikasının
Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan 9-u uşaq və
2-si qadın olmaqla 11 nəfər Azərbaycan Respublikası vətəndaşının
repatriasiyası həyata keçirilib. Repatriantlar arasında 6 və 9
yaşlarında olan 2 bacı hər iki valideynini itirmişdir.
Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Qeyd olunan şəxslərin
ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən
görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində baş
tutub. Belə ki, ilk öncə vətənə repatriasiyası nəzərdə tutulan
vətəndaşların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının
vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra əldə olunmuş
razılıq əsasında onların Türkiyə Respublikasının ərazisindən
tranzit olaraq keçidi təmin olunub.
Bununla bağlı, İraq və Suriya Ərəb Respublikalarından Azərbaycan
vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan
aidiyyəti dövlət qurumlarının Türkiyə Respublikasına ezam edilmiş
nümayəndələri repatriantların ilkin tibbi və psixoloji müayinəsini
həyata keçirib, onlara zəruri yardım göstəriblər. Bundan sonra
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi
tərəfindən vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış
şəhadətnamə”si və uçuş biletləri ilə təmin ediliblər.
2022-ci ilin 28 may tarixində Azərbaycan Respublikası nümayəndə
heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi
ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib.
Müvafiq prosedurlar həyata keçirildikdən sonra onlar ailələri və
qəyyumlarına təhvil veriləcəkdir.
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin
reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin
görülməsi nəzərdə tutulub.
Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının
aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti
ilə yanaşı, Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım
xüsusilə qeyd olunmalıdır.
Azərbaycan Respublikasının hökuməti milli qanunvericiliyə və
ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq
xarici ölkədə çətin vəziyyətə düşmüş və yardıma ehtiyacı olan
vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində
zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir.