Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrükçülər daha bir uğurlu əməliyyat həyata keçirib.
Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən məlumata görə, nəticədə 107 kiloqramdan artıq narkotik vasitə – heroinin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsinə cəhdin qarşısı alınıb.
Belə ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində Astara gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Çexiya Respublikasına “mozaikalı və inkrustasiya ilə bəzənmiş ağac məmulatlar, ağac heykəlciklər və digər dekorativ məmulatlar” yükü aparan Ukrayna Respublikası vətəndaşının idarə etdiyi “Volvo” markalı yük avtomobili saxlanılıb və gömrük yoxlaması tətbiq edilib.
Sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməli hər hansı predmetin, o cümlədən narkotik və psixotrop maddələrin olmadığını bildirsə də kinoloji xidmət iti xüsusi işarələrlə avtomobilin qoşqusuna reaksiya verdiyindən yük boşaldılıb və 101 ədəd düzbucaqlı formalı üzəri mozaikalı panellər əsaslı yoxlanılıb.
Baxış zamanı panellərin hər birinin daxilində – çərçivə hissələri boyunca yerləşdirilən silindr formalı rezin borular aşkarlanıb. Həmin boruların içərisində isə gömrük nəzarətindən gizlədilən, çəkisi 107 kq 232 qram açıq qəhvəyi rəngli, narkotik vasitə-heroinin olduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.