Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin reyestrində olan
Qazax Müəllimlər Seminariyasının tarixi binasının təmir və bərpası
həyata keçirilir. Sözügedən yenidənqurma işləri Seminariyaya yaxın
yerləşən və Nazirlər Kabinetinin 25 fevral 2022-ci il tarixli
Sərəncamı ilə Mədəniyyət Nazirliyinin balansına verilən İsrafil ağa
hamamına da şamil edilir.
Bu barədə Trend-ə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat
verilib.
Bu tarixi abidə yenidənqurma işlərindən sonra təhsil ocagi kimi
fəaliyyət göstərməklə yanaşı, vaxtilə Qoridə təhsil almış Üzeyir
Hacıbəyli, Firudin bəy Köçərli kimi maarifçilərimizin irsini
yaşadacaq. Seminariyanın binası təhsil və mədəniyyətin sintezini
özündə əks etdirərək muzey və incəsənət mərkəzi kimi xidmət
göstərəcək. Tarixi bina yeni məzmunda, lakin azərbaycançılıq
məfkurəsi əsasında yeni nəsil maarifpərvərlər yetişdirəcək,
ədəbi-bədii və elmi tədbirlərə ev sahibliyi edəcək.