100 günlük səyahətə çıxan Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək

“Torpağı qoruyaq” (“Save Soil”) missiyası ilə
motosikletlə 100 günlük səyahətə çıxan məşhur yoqin Sadhquru
(Caqqi Vasudev) aprelin 29-da Azərbaycanda olacaq və həmin
gün Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edəcək.

AzerTimes xəbər verir ki, bu,
Sadhqurunun Heydər Əliyev Mərkəzində ikinci çıxışıdır. İlk dəfə o,
Azərbaycanda 2018-ci ilin noyabrında olub.

Torpağın qorunması hazırda dünyanın gündəmində olan mövzudur. Bu
sahədə qlobal səylər sadə vətəndaşdan siyasətçilərə, işgüzar
dairələrədək hamının dəstəyini alıb. Sadhquru da planeti yox olmaq
təhlükəsindən xilas etmək naminə ötən ay torpağın qorunması uğrunda
qlobal kampaniyaya start verib. Bu məqsədlə başlayan 100 günlük
səyahətində motosikletlə Avropa, Mərkəzi Asiya və Yaxın Şərqin 26
ölkəsini-ümumilikdə 30 min km məsafəni qət edəcək, yolboyu ətraf
mühit müdafiəçiləri ilə görüşəcək.

Yoqin artıq Birmingem, London, Amsterdam, Berlin, Praqa, Vyana,
Lyublyana, Roma, Cenevrə, Paris və Brüsseldə olub.

Sadhquru may ayında Birləşmiş Millətlər Təşkilatının səhralaşma
ilə mübarizə konvensiyasına (UNCCD COP15) üzv ölkələrin
konfransının 15-ci sessiyasında çıxış da edəcək. Elə həmin ay
Davosda Dünya İqtisadi Forumunda dünya liderlərini öz ölkələrində
torpağı məhv olmaqdan xilas etmək üçün fəal hərəkətə keçməyə
çağıracaq.

Sadhqurunun Heydər Əliyev Mərkəzində keçiriləcək mühazirəsinin
biletlərini Mərkəzin kassasından, iTicket.az satış məntəqələri və
saytından əldə etmək olar. Mühazirəçi ingilis dilində çıxış edəcək
və sinxron tərcümə olunacaq.

Teqlər: