10 yaşlı Nərminin qətli ilə bağlı video məhkəmədə ziddiyyət yaratdı

Xəbər - Samir Əli – Trend:

Gəncə Ağır Cinayətlər Məhkəməsində 2 il əvvəl Tovuz rayonunun
Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində
təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti
məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, prosesdə qətlə yetirilən Nərminin
əmisi arvadı Nailə Quliyeva ifadəsini davam etdirib.

Şahid bildirib ki, Nərmin itkin düşdüyü gün onlara gəlib, əri
Arifin gödəkçəsini gətirib. O, hətta həmin gün uşağın əynində
olduğu iddia edilən geyimləri (gödəkçə, idman ayaqqabısı, papaq və
s.) rəngini deyib:

“Bir gün əvvəl mənim qızımın toyu olmuşdu. Onda yoldaşım
qardaşına öz gödəkçəsini vermişdi ki, toyda geyinsin, əynində köhnə
paltar olmasın. Noyabrın 21-də saat 14.30 olardı, Nərmin həmin
gödəkçəni gətirib verdi. Çıxıb üzbəüzdəki qaynımgilə getdi ki,
oradan da atasının gödəkçəsini götürüb getsin”.

İlkin Süleymanovun vəkillərinin vəsatəti əsasında Nailə
Quliyevanın istintaqdakı ifadələri elan edilib. Həmin ifadələrdə
isə o bildirib ki, qızının toyunun ertəsi gün başı tör-töküntünü
yığışdırmağa qarışdığına görə həmin gün Nərmin gətirib gödəkçəni
verəndə onu görməyib.

Vəkillər bildirib ki, şahid ya istintaqda, ya da məhkəmədə yalan
ifadə verib. Ondan ifadələri arasındakı ziddyyətlərin səbəbini
soruşublar:

– Məqsədiniz nədir ki, ya istintaqda, ya da məhkəmədə yalan
danışmısınız?”

– Mənim heç bir məqsədim yoxdur. Məqsədim yalnız Nərminin
qatilinin tapılmasıdır.

– Nərminin qatilinin tapılması üçün ilk növbədə sizlər – onun öz
qohumları yalan danışmamalısınız.

Dindirmənin əvvəlində istintaqdakı ifadəsini oxuyub imzaladığını
deyən şahid sonradan bu ziddiyyətlər ortaya çıxanda bildirib ki,
həmin ifadəni müstəntiq yazıb, onu oxumadan imzalayıb.

Şahid məhkəmədə dindirilərkən o da məlum olub ki, hələ ibtidai
istintaq getdiyi dövrdə cinayət işinə aid materiallar
hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yayılıb.

“Müharibə başlamamışdan (2020-ci ilin sentyabrında 44 günlük
müharibəni nəzərdə tutur-red.) təxminən 10-15 gün əvvəl 4 maşında
çoxlu adam gəlmişdi. Onda MTN işçiləri mənə və yoldaşıma İlkinin
telefonundan çıxan videonu göstərdi. O vaxta qədər məndə İlkinin bu
işi görməsilə bağlı tərəddüd vardı. Amma o videonu görəndən sonra
əminlik yarandı. Meyit yanırsa, onu niyə telefonla çəkirdi?”, –
şahid deyib.

O, əlavə edib ki, Bakıdan gəlib onları sorğu-sual edib, videonu
da göstərənlər mülki formada olublar.

Vəkillər bildirib ki, bu, çox ciddi qanun pozuntusudur və
araşdırma aparılıb hüquqi qiymət verilməlidir: “Bizə istintaq
sirrini yaymamaq barədə iltizama qol çəkdirirlər, istintaqın sonuna
qədər sübutlarla tanış ola bilmirik. Amma özləri yayırlar. O
videoda nə var ki?! Adam hüquqşünasdır, meyitin yandığını görüb və
başa düşürdü ki, bu çəkiliş istintaqa lazım ola bilər, izlər
itməsin. Heç bilməyib ki, meyit kimə məxsusdur”.

Vəkillər vurğulayıb ki, həmin vaxt orada İlkin Süleymanov tək
olmayıb, bu, videodakı səslərdən də aydın olur.

Şahid Nailə Quliyeva bildirib ki, yaxınları meyiti yumayıb:
“Baldızlarım getmişdi, onlar dedilər ki, morqdan meyit hazır
vəziyyətdə göndərilmişdi”.

Məhkəmə prosesi martın 16-da davam edəcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz
rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın
qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd
ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş
təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar
Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim
oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi,
məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və
digər zəruri istintaq hərəkətləri aparılıb.

İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla
qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə
köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam
oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində
cinayət işi açılıb.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət
Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz
vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov
götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz
azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan
edilib

Teqlər: