Gəncə şəhər Nizami rayon Məhkəməsində Tovuz rayonunun Dondar
Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham
olunan İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə iclası
keçirilib.
AzerTimes-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə
keçirilən prosesdə İlkin Süleymanovun qonşusu, həmin küçədə mağaza
işlədən Şamil Vəliyev ifadə verib. Şahid bildirib ki, ibtidai
istintaqda ondan İlkin Süleymanovun əleyhinə ifadə almağa cəhd
göstərilib.
“Məndən tələb edirdilər deyim ki, Nərmin itkin olduğu dövrdə
İlkin məndən “pampers” alıb. Dedim ki, axı heç o mağazada “pampers”
satmıram, necə deyim? Tələb edirdilər ki, de, görən olub”, –
Vəliyev deyib.
O bildirib ki, Süleymanovu sakit təbiətli biri kimi tanıyıb.
Şahidin sözlərinə görə, bu gün də kənddə yaşayanlar, o cümlədən
özü bu cinayəti İlkinin törətdiyinə inanmır: “Heç kiminlə işi yox
idi. Gündə 3-4 dəfə qapıya çıxıb siqaret çəkərdi, evə girərdi.
Bacısı müəllimədir, onun yanına hazırlaşmaq üçün hər gün nə qədər
uşaqlar gəlir. Yəni evlərində adam çox olur həmişə”.
Şahid bildirib ki, meyit yandırılan yer onun mağazasının yan
hissəsində yerləşir: “Hadisə vaxtı – 2020-ci il yanvarın 6-da axşam
saat 20.00 radələrində mağaza bağlı olub. Çünki mən qonşu kəndə
qayınanamgilə getmişdim. Həmin gün mağazanı bir qədər tez
bağlamışdım. Buna baxmayaraq, yanvarın 7-də axşam saat 11.00
radələrində məni Tovuz rayon Polis Şöbəsinə aparıblar, bir də
yanvarın 9-da səhər saat 7-də buraxdılar. Yanvarın 7-dən 8-nə keçən
gecə İlkinlə eyni kamerada saxlanılmışam. Saat 8-də gecə gəlib,
İlkini kamerada qandallayıb apardılar”.
Təqsirləndirilən şəxs İlkin Süleymanov deyib ki, həmin gecədən
başlayaraq, ona dözülməz işgəncələr verilib və nəticədə, yanvarın
10-na keçən gecə uşağı oğurlayıb öldürməsi barədə ondan tələb
olunan ifadəyə imza atıb.
Şahid Vəliyev deyib ki, hadisə vaxtı mağazada müşahidə kamerası
olmayıb: “Lakin şöbədən buraxılandan dərhal sonra kamera
quraşdırdım. Hadisədən bir müddət sonra Nərminin yaxınları
Süleymanovların evinə hücum etmişdi. Kamera bu görüntüləri qeydə
almışdı. Amma hadisədən sonra mağazaya gələn polislər kameranın
yaddaş hissəsini götürüb aparıblar. Təxminən 3-4 saat sonra
qaytarıblar. Mənim başım çıxmır, bu işi biləndən xahiş elədim,
gəlib yenidən quraşdırdı. Bilmədim ki, oradan nəyi siliblər”.
Şahid əlavə edib ki, Tovuz rayon Polis Şöbəsində üç ay onun
özünü də incidiblər, aparıb-gətiriblər.
Məhkəmədə Tovuz rayon Polis Şöbəsinin əməliyyatçıları Turqut
Rəhimli, Azər Məmmədov, Post-Patrul Bölüyünün serjantı Vasif
İsmayılov da dindirilib. Onlar bildirib ki, yanvarın 10-da
Süleymanovun cinayəti törətməsi etirafından sonra onun hadisə
yerinə aparılmasında iştirak ediblər. Polislər iddia edir ki,
Məmmədovun avtomobilində Süleymanov onlara meyiti niyə yandırması,
həyətlərində basdırmayıb, öz evlərinin qarşısına atmasının səbəbini
izah edib.
“Mən baş əməliyyat müvəkkiliyəm, marağıma görə ona sual verdim
ki, niyə yandırdın? Dedi ki, ölünü yandırmaq günah deyil, dirini
yandırmaq günahdır. Bildirdi ki, itlər axtarış zamanı gəlib tapa
bilərdi deyə, ona görə öz bağımızda basdırmadım, ora atdım. Onu da
dedi ki, uşağı kitab vermək adıyla aldadıb evə gətirib. Sonra bu
işin səs-küyü qalxdığına görə qorxusundan buraxmayıb”, – Məmmədov
deyib.
Təqsirləndirilən İlkin Süleymanov isə bildirib ki, hadisə
yerində kamera ilə çəkiliş aparılarkən təzyiq altında uşağı kitab
vermək adıyla aldatması, ölmüş insanın ağrı hiss etmədiyinə görə
meyiti yandırması haqda ifadə verib. Amma avtomobildə belə söhbət
olmayıb.
“Yadındadır, məni sənin yanında qandallanmış vəziyyətdə üzüstə
yerə yıxdılar. Əllərim qandallı, səhərə qədər dizüstə saxladılar, o
vəziyyətdə yeriməyə vadar elədilər?”, – Süleymanov polislərdən
Rəhimliyə belə deyib.
O isə təkzib edib, Süleymanovun yalan danışdığını, ona qarşı heç
bir təzyiqin olmadığını bildirib.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz
rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın
qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd
ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş
Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş
təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri
nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar
Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim
oğlu tutularaq istintaqa cəlb edilib.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla
qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə
köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam
oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində
cinayət işi açılıb.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət
Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz
vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov
götürülməsi ilə bağlı adam öldürmə) və 145.3-cü (qanunsuz
azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə
və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan
edilib.