Yeni media ilə bağlı tədbirlər başa çatdı

Xəbər - Samir Əli – Trend:

Türkiyənin tanınmış Nişantaşı Universitetinin Yeni media üzrə müəllimlərinin azərbaycanlı media nümayəndələri ilə keçirdiyi onlayn təlimlər yekunlaşıb.

Təlimlərin təşkilatçısı və moderatoru Elşad Eyvazlı AzerTimes-a bildirib ki, 3 gün davam edən təlimlərdə 22 dövlət təşkilatının, 20 media qurumunun nümayəndələri, eyni zamanda Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri iştirak edib.

“Təlimlərin məqsədi Azərbaycanda bu sahədə çalışanların, həmçinin BDU-nun Jurnalistika Fakültəsinin tələbələrinin praktiki biliklərinin artırılmasına dəstək olmaqdır”.

Üç günlük təlimdə ilk görüş Nişantaşı Universitetinin müəllimi Özlem Tuğçe Keleş ilə “Yeni media və rəqəmsal media planlaması” mövzusunda keçirilib.

Növbəti gün həmin universitetin müəllimi Zeliha Ocak “Yeni media və jurnalistikanın inkişafı” mövzusunda çıxış edib.

Sonuncu təlimi keçən universitetin digər müəllimi Yelda Şenkalın bəhs etdiyi mövzu ilə ictimaiyyətlə əlaqələr və media haqqında olub.


Yekun təlimdə təşkilatçı media qurumlarından Global Journalism Council-in rəhbəri Mehmet Ali Dim çıxış edərək, layihə haqqında təəssüratlarını bölüşüb.

Həmçinin, Nişantaşı Universitetinin prorektoru Sibel Demir təlim iştirakçılarını salamlayaraq bundan sonra da belə işlərin davamlı olacağını söyləyib.

İştirakçılara Nişantaşı Universitetinin və Global Journalism Council-in sertifikatları veriləcək.

Qeyd edək ki, təlimlər Parlament Jurnalistlər Birliyinin “Media Könüllüləri – 145” layihəsi çərçivəsində BDU-nun Jurnalistika fakültəsi ilə birgə həyata keçirilib.

Teqlər: